“Azərbaycan dövlət başçısı İlham Əliyevin növbəti dəfə sülh mükafatına layiq görülməsi təqdirəlayiq haldır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Gernika sülh mükafatının mahiyyətindən danışan deputat vurğulayıb ki, İspaniyada 1936-1939-cu illərdə vətəndaş müharibəsi gedib və solçularla millətçi sağçılar arasında qarşıdurmada çoxlu sayda insan həyatını itirib:
“1937-ci il aprelin 26-da ən böyük faicə yaşanıb. Həmin gün Almaniya və İtaliya aviasiyası Gernika şəhərini bombardman edib, şəhər yerlə-yeksan olub, minlərlə insan həyatını itirib. Böyük miqyasda insanlıq faciəsi yaşanıb. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fikirlərini bildirdi və dinc insanlara qarşı bu cür soyqırımın törədilməsini qınadı. 89 il əvvəl insanlara qarşı böyük bir cinayət törədilib və həmin günün anılması məqsədi ilə simvolik olaraq belə bir mükafat təsis olunub. Uzun müddətdir ki, həmin faciənin yaşandığı gün beynəlxalq və qlobal səviyyədə sülh və barışa töhfə verən liderlər, tanınmış şəxslər bu mükafata layiq görülürlər. Çox sevindirici haldır ki, Azərbaycan Prezidentinə də bu önəmli mükafat təqdim edilib”.
Müsahibimiz vurğulayıb ki, bu, həm Azərbaycan dövlətinə olan diqqətin növbəti təzahürüdür. Eyni zamanda İlham Əliyevə beynəlxalq müstəvidə verilən qiymətin və dəyərin təzahürü kimi qəbul edilməlidir.

Arzuxan Əlizadə: İl ərzində iki mükafata layiq görülən dövlətimizin başçısı bir daha sübut etdi ki, çox düzgün siyasət yürüdür
Deputat xatırladıb ki, bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin qurucusunun adını daşıyan “Zayed sülh mükafatı” da Prezident İlham Əliyevə təqdim olunub:
“Əlbəttə, bütün bunlar dayanıqlı sülhə və sabitliyə nail olmaq istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin, atdığı düşünülmüş addımların məntiqi nəticəsidir. İl ərzində iki mükafata layiq görülən dövlətimizin başçısı bir daha sübut etdi ki, çox düzgün siyasət yürüdür. Bu siyasət beynəlxalq sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən siyasətdir”.
A.Əlizadəyə görə, dünyada çox nadir hallarda rast gəlinir ki, 30 il ərzində torpaqları işğal altında qalmış, əraziləri, şəhər və kəndləri viran qoyulmuş bir ölkə qələbə qazandığı halda, müharibədə dərhal sonra qarşı tərəfə sülh təklif etsin: “Amma Azərbaycan rəhbərliyi bunu etdi və sülhün təşəbbüskarı kimi prosesi irəliyə apardı. Bu gün də Ermənistanla sülh prosesinin irəliləməsində əsas aparıcı tərəf Azərbaycandır. Başqa ölkələrin və beynəlxalq təşkilatların bu reallığı görməsi və qiymətləndirməsi sevindiricidir”.
Aydın Baxış