AZ

KOBİA-nın sədri: Komandada psixoloji təhlükəsizlik yüksək olduqda əməkdaşlar daha çox təşəbbüs göstərirlər

Bakı, 28 aprel, AZƏRTAC

Əməyin mühafizəsi sahəsində yanaşmalar sistemli şəkildə dəyişir. Əgər əvvəl bu sahə əsasən texniki təhlükəsizlik tədbirləri ilə ölçülürdüsə, bu gün artıq insanın psixoloji vəziyyəti və sosial mühiti bu anlayışın mərkəzinə keçib. Bu dəyişikliklər təsadüfi deyil, bu qlobal iqtisadiyyatın struktur dəyişikliyinin bir nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş yanaşmalarda artıq təhlükəsizlik iş mühiti anlayışı yalnız fiziki deyil, həm də psixososial rifahı əhatə edən geniş çərçivədə təqdim olunur: "Xüsusilə son illərdə bu qurumların birgə hazırladığı metodiki sənədlərdə psixososial risklərin idarəolunması ayrıca prioritet istiqamət kimi müəyyən edilib. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, psixososial risklər, belə deyək, artıq yalnız sosial məsələ kimi deyil, iqtisadi risk kimi qiymətləndirilir. Digər tərəfdən Beynəlxalq Əmək Təşkilatı qeyd edir ki, iş yerlərində stres və psixososial risklər bir çox ölkələrdə əmək qabiliyyətinin itirilməsi ilə bağlı əsas səbəblərdən birinə çevrilib. Bu isə artıq təkcə fərdi deyil, artıq bir sistem səviyyəsində problem deməkdir. Bu məsələyə daha strateji baxanda maraqlı bir məsələ üzə çıxır. Bu məqam psixososial risklərin əslində görünməyən təhlükələr yaratmasıdır. Bu təhlükələr özünü aşağı məhsuldarlıq, qərarvermədə müəyyən səhvlər, yüksək kadr dövriyyəsi, işçi bağlılığının azalması, innovasiya potensialının zəifləməsi kimi formalarda özünü göstərir. Bu səbəbdən inkişaf etmiş ölkələrdə psixoloji təhlükəsizlik təşkilatın rəqabət qabiliyyətinin bir elementi kimi qəbul edilir. Məsələn, son illərdə böyük şirkətlərdə aparılan tədqiqatlar onu göstərir ki, komandada psixoloji təhlükəsizlik yüksək səviyyədə olduqda əməkdaşlar daha çox təşəbbüs göstərir, səhvlər daha tez aşkar olunur və innovasiya səviyyəsi çoxalır. Bu artıq klassik əməyin mühafizəsi çərçivəsindən çıxaraq idarəetmənin strateji bir alətinə çevrilir".

Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun
Seçilən
52
1
azertag.az

2Mənbələr