Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna son illərdə müasir müdafiə texnologiyaları, xüsusilə anti-dron sistemləri, eləcə də mina və partlayıcı qurğuların aşkarlanması və təmizlənməsi sahəsində ciddi təcrübə qazanıb. Bu texnologiyalar Rusiya ilə müharibədə artıq geniş tətbiq olunur və praktiki nəticələr verir.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qəbələdə görüşüb və hər iki lider mətbuata birgə bəyanatlarında hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldığını və burada da çox böyük perspektivlərin olduğunu açıqlayıblar.
Bəs Azərbaycan anti-dron və minaların aşkarlanması sahəsində də Ukrayna ilə əməkdaşlıq edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov öncə qeyd etdi ki, Zelenskinin Azərbaycana səfəri çox önəmli səfərlərdən biridir:
"Ukrayna bu gün dünya siyasətinin önündə gedir və prioritet mövzulardan biridir. Yəni Rusiya-Ukrayna müharibəsi, Ukraynada baş verən hadisələr və Ukrayna Prezidentinin səfər etdiyi ölkələr bütün Avropa və digər qitə ölkələri tərəfindən maraqla izlənilir. Bu gün iki ayı tamam olan Amerika-İsrail-İran müharibəsinin gedişatında, Yaxın Şərqdə yaranmış vəziyyət fonunda Ukrayna anti-dron texnologiyaları və mütəxəssisləri ilə öz təklifini irəli sürdü və mütəxəssislərini Yaxın Şərqə ezam etdi. Əlbəttə ki, Ukrayna son bir neçə ildə çox böyük yol keçib, ciddi uğurlar əldə edib. Ukraynanın dronları, raketləri, öz yerli istehsalı olan texnologiyaları bu gün müharibənin gedişatında çox böyük dəyişikliklər yaradıb. Ona görə də minalardan təmizləmə texnologiyaları, anti-dron sistemləri, dronlar və digərləri bu gün Ukrayna tərəfindən həm daxili tələbat üçün istifadə olunur, həm də maraq göstərən ölkələrə satılır və ixrac edilir. Mən hesab edirəm ki, Zelenskinin Qəbələdə Azərbaycan Prezidenti ilə apardığı bir sıra müzakirələrin ana xəttindən biri də hərbi sahədə əməkdaşlıqdır. Azərbaycanın müdafiə sənayesi kompleksində ukraynalı mütəxəssislərin təqdim etdiyi avadanlıqların həm sınaq mərhələsi, həm tətbiqi mərhələsi, həm də birgə məhsulların istehsalı məsələləri prioritet təşkil edib".
Müsahibimiz vurğuladı ki, Azərbaycan bundan maksimum dərəcədə faydalanmaq yolunu tutub:
"Biz bunu heç vaxt gizlətməmişik ki, Azərbaycan Ukraynaya çox böyük dəstək göstərir, siyasi cəhətdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, o cümlədən Ukraynaya ən çətin dönəmlərdə humanitar yardımlar edir. Artıq beşinci ildir ki, Azərbaycanın neft şirkəti olan SOCAR Ukraynaya çox böyük dəstək nümayiş etdirir. Yəni Ukraynanın təcili tibbi yardım avtomobillərinə, o cümlədən strateji sahələrinə yanacaq və dizel məhsulları verir. Bir sözlə, Azərbaycan-Ukrayna münasibətləri təkcə sözdə deyil, gündəlik həyatda da açıq şəkildə özünü göstərir. Cənubi Qafqaz respublikaları arasında Zelenskinin məhz Azərbaycana iki dəfə səfər etməsi çox şeydən xəbər verir. Ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə davam edir və bu, hər birimizi sevindirir. Çünki bu gün Ukrayna həm işğalçıya qarşı müharibə aparır, eyni zamanda dünya siyasi arenasında çox böyük uğurlara imza atır. O nöqteyi-nəzərdən Azərbaycan-Ukrayna münasibətləri hərbi sahədə də bundan sonra inkişaf edəcək. Şəxsən mən buna həm sevinirəm, həm də ümid edirəm ki, bu, hər iki ölkəyə çox böyük fayda gətirəcək".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.