AZ

Fövqəladə hallar nazirinin müavini: Seysmik mikrorayonlaşdırma istiqamətində iş aparılır

Bakı, 28 aprel, AZƏRTAC

Şəhərsalma siyasətində riskli zonaların düzgün qiymətləndirilməsi və bu ərazilərdə tikintinin məhdudlaşdırılması vacib amillərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

O xatırladıb ki, Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşir: "Bu gün xüsusilə Abşeron yarımadası və Bakı şəhəri ərazisində insanların sıx yaşaması baxımından risk səviyyəsinin nəzərə alınması, seysmik riskin azaldılması istiqamətində tədbirlərin görülməsi vacibdir. Burada, birinci növbədə, tikinti prosesində seysmik vəziyyətin qiymətləndirilməsi qeyd edilməlidir".

Nazir müavini vurğulayıb ki, seysmik riskin azaldılması üçün seysmik mikrorayonlaşdırma prosesinin aparılması vacibdir:

"Bunun üçün respublika ərazisi üzrə seysmik səviyyələr dəqiqləşdirilməli, seysmik mikrorayonlaşdırma işləri sürətləndirilməlidir. Hazırda nazirlik Respublika Seysmoloji Xidmət Mərkəzi və Yaponiyadan olan mütəxəssislərlə birgə bu istiqamətdə iş aparır. Yaxın zamanlarda bununla bağlı yeni xəritələr hazırlanacaq. Bu xəritələr Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək", - deyə o bildirib.

Seçilən
22
azertag.az

1Mənbələr