AZ

Bakı Bulvarı gələcəkdə dənizdən 30 kilometr uzaqda qala bilər

Xəzər dənizinin səviyyəsinin davamlı aşağı düşməsi həm Azərbaycanın neft sənayesinə, həm də paytaxt Bakının gündəlik həyatına ciddi təsirlər göstərə bilər.

Bunu “Yeni Sabah”a AMEA Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

Mütəxəssisin sözlərinə görə, dəniz səviyyəsinin azalması, ilk növbədə, neft qurğularının fəaliyyətini çətinləşdirəcək:

"Platformaların yerləşdiyi ərazilərdə texniki problemlər yaranacaq, bəzi qurğuların iş rejimi məhdudlaşa bilər. Eyni zamanda, Volqa çayı vasitəsilə neft məhsullarının daşınmasında logistika problemləri ortaya çıxacaq. Gəmilərin hərəkəti məhdudlaşacaq, dəniz nəqliyyatında və texniki xidmət işlərində ciddi çətinliklər yaranacaq. Bu vəziyyət əlavə xərclərə və infrastrukturun yenidən qurulmasına ehtiyac yarada bilər".

Səid Səfərov proqnozlara istinadən qeyd edib ki, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr, bəzi ehtimallara görə isə 21 metrə qədər enəcək:

"Bu halda hazırda sahilboyu yerləşən ərazilər, o cümlədən Bakı Bulvarı gələcəkdə dənizdən 20-30 kilometr uzaqda qala bilər. Belə dəyişiklik Bakı sakinlərinin həyat tərzinə də birbaşa təsir göstərəcək. Dənizin istirahət zonalarına və turizm infrastrukturuna olan əlçatanlığı məhdudlaşacaq. Bundan əlavə, dənizin şəhər iqliminə yumşaldıcı təsiri zəifləyəcək.

Hazırda gündüzlər dənizdən quruya doğru əsən sərin küləklər və axşam əks istiqamətdə hərəkət edən hava axınları Bakının iqlimini nisbətən mülayim saxlayır. Dəniz səviyyəsinin aşağı düşməsi ilə bu təsir azalacaq və şəhərdə daha isti və sərt iqlim şəraiti müşahidə oluna bilər.

Aytakin Əzizqızı 


Telegram kanalımız
Seçilən
17
2
yenisabah.az

3Mənbələr