AZ

Azərbaycan-Ukrayna əməkdaşlığı yeni strateji mərhələyə keçir - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci ildən sonra MDB məkanında ilk səfər edəcəyi ölkənin məhz Azərbaycan olması təsadüfi deyil və bu addım iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir".

Bu fikirləri Hafta.az-a açıqlamasında deputat Sahib Alıyev bildirib. Onun sözlərinə görə, müharibənin başlanmasından sonra Ukraynaya ən çox humanitar yardım göstərən MDB üzvlərindən biri məhz Azərbaycan olub. Eyni zamanda rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyərək prinsipial mövqe nümayiş etdirib. Bu yanaşma Prezident Zelenskinin Qəbələdə səsləndirdiyi bəyanatda da xüsusi vurğulanıb.

Deputat diqqətə çatdırıb ki, səfər çərçivəsində ən çox müzakirə doğuran məsələlərdən biri hərbi-texniki əməkdaşlıq və birgə istehsal perspektivləri olub. Onun fikrincə, bəzi ölkələrin məhz bu istiqamətə həssas reaksiya verməsi təsadüfi deyil.

Sahib Alıyev bildirib ki, Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda da müdafiə sənayesi sahəsində əməkdaşlığa böyük maraq ifadə olunub. Latviyanın müdafiə sənayesində innovativ yanaşmaları, xüsusilə “Drone Army” təşəbbüsü çərçivəsində dron və antidron texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün də yeni imkanlar açır.

Deputat vurğulayıb ki, Ukraynanın son illərdə radioelektron mübarizə sistemləri, FPV və dəniz dronları sahəsində əldə etdiyi uğurlar onu bu istiqamətdə aparıcı ölkələrdən birinə çevirib. Bu texnologiyaların bir qisminin Azərbaycanda birgə istehsalı perspektivi isə ölkənin hərbi-sənaye kompleksinin inkişafına mühüm töhfə verəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hərbi-sənaye kompleksi getdikcə ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilir. Bu isə həm müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Sahib Alıyev regionda baş verən proseslərə də toxunaraq qeyd edib ki, bəzi dairələrin, o cümlədən Robert Köçəryan kimi fiqurların Azərbaycan əleyhinə ritorikası yeni reallıqları dəyişmək gücündə deyil. Onun fikrincə, sülh əleyhinə yönələn cəhdlər əks nəticə verir və regionda sabitliyə xidmət etmir.

Deputat əlavə edib ki, Azərbaycan xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kursunu davam etdirir. Rəsmi Bakı nə keçmişdə, nə də indi böyük güclərin təzyiqlərinə baxmayaraq öz prinsipial mövqeyindən geri çəkilməyib və Rusiya, İran kimi qonşularla qarşılıqlı faydaya əsaslanan münasibətlərin tərəfdarı olub. Onun sözlərinə görə, Azərbaycan–Ukrayna əməkdaşlığı da məhz bu prinsiplər üzərində qurulub və hər hansı üçüncü tərəfə qarşı yönəlməyib. Əksinə, bu əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Sahib Alıyev vurğulayıb ki, Azərbaycanın güclənməsi regionda revanşist meyllərin qarşısını alan əsas amillərdən biridir:

“Biz nə qədər güclü olsaq, bəzi dövlətlərin Ermənistanı revanşizmə sürükləmək planları bir o qədər iflasa uğrayacaq. Bu isə regionda davamlı sülhün təmin olunması deməkdir”.

Seçilən
42
hafta.az

1Mənbələr