AZ

İran Trampı seçim qarşısında qoydu

ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazının yenidən açılması və müharibənin dayandırılması ilə bağlı Vaşinqtona təqdim etdiyi son təklifi bəyənmədiyi iddia olunur. 

ABŞ mətbuatının məlumatına görə, Ağ Evin rəhbəri İranın təklifində Tehranın nüvə proqramı ilə bağlı məsələlərin yer almamasından narazı qalıb.

“The Wall Street Journal” qəzeti bildirib ki, Tramp və onun milli təhlükəsizlik komandası İranın üçmərhələli danışıqlar planına şübhə ilə yanaşırlar.

Qeyd olunur ki, ABŞ-nin dövlət rəhbəri Tehranın təklifini birbaşa rədd etməyib, lakin hesab edir ki, İran Vaşinqtonun əsas tələbi olan uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil.

Nəşr qeyd edir ki, ABŞ İranla danışıqları davam etdirməyi və yaxın günlərdə İslam Respublikasının planına cavab olaraq öz təkliflərini təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl “Əl-Mayadeen” telekanalı İranın vasitəçilər vasitəsilə ABŞ ilə danışıqlara hazır olduğunu və bunun üçün üçmərhələli plan təqdim etdiyini bildirmişdi.

Telekanal vurğulayıb ki, Tehran danışıqların birinci mərhələsinin müharibənin başa çatmasına və İranla Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına həsr olunmasını istəyir.

İkinci mərhələdə münaqişədən sonra Hörmüz boğazının idarə olunması məsələsinin müzakirəsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə İranın nüvə proqramı gündəmə gətirilməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, Donald Trampın əsas məqsədi İranla bərabər hüquqlu razılaşma əldə etmək yox, sırf İran hakimiyyətini diz çökdürmək, onun hərbi və nüvə potensialını sıfra endirmək və Tehranı Vaşinqtonun tələblərinə tabe etdirməkdir. 

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, istərsə müharibədən əvvəl, istərsə də müharibə dövründə ABŞ və İsrailin əsas hədəfi İran hakimiyyətini öz tələblərinə və şərtlərinə uyğun razılaşmaya məcbur etmək idi.

“Bu tələblərin siyahısına nüvə və ballistik raket proqramından, o cümlədən regiondakı proksi qüvvələrə dəstək verməkdən imtina da daxildir. 

İran hakimiyyəti 12 günlük müharibədən sonra ABŞ və İsrailin tələblərinə razı olmadığı üçün onların tələbləri daha da sərtləşdi.

Tələblər daha maksimalist formada irəli sürüldü. Bu tələblərə İranda rejim dəyişilikliyi tələbi də daxil edildi. Son beş həftəlik müharibə məhz buna hesablanmışdı. 

ABŞ və İsrailin hücum əməliyyatları zamanı İranı nə qədər bombalamalarına baxmayaraq, bu hədəfinə çatmadılar, yəni İranda rejimi dəyişə bilmədilər.

Təbii ki, bunun da öz səbəbləri var. Birincisi, İrandakı rejim bu müharibəyə uzun müddət ərzində hazırlaşmışdı. İkincisi, müharibənin gedişatında total müharibə taktikasından istifadə etdi, Hörmüz boğazını bağladı və münaqişəni Yaxın Şərq ölkələrinə yaydı. 

Bu, ABŞ üçün gözlənilməz oldu. ABŞ və İsrail İranı davamlı şəkildə bombardman etsələr də, əsas hədəflərinə nail ola bilmədilər. Vəziyyət daha da mürəkkəbləşdi”.

Politoloq əlavə edib ki, Tramp administrasiyası İran hakimiyyəti ilə danışıqlar masasına otursa da, gündəmində olan əsas hədəfləri dəyişməyib:

“Hörmüz boğazının bağlı qalması və müharibənin genişlənməsi qlobal iqtisadiyyata ciddi ziyan vurub. Nəticə etibarı ilə ABŞ dünya ölkələrinin təzyiqləri və ittihamları ilə üzləşdi.

Ona görə də İranla atəşkəsə getməyə məcbur oldu. Buna baxmayaraq, İranın nüvə və ballistik raket proqramından imtina etməsi, Tehrana bağlı proksi qüvvələrin tərkisilah olunması və İrandakı zənginləşdirilmiş uranın ölkədən çıxarılması kimi Ağ Evin gündəmindəki hədəflər dəyişməz olaraq qalır.

Qeyd edim ki, Vaşinqton müharibə yolu ilə əldə edə bilmədiklərini fərqli taktikalar vasitəsilə nail olmağı düşünür. Vaşinqtonun başlıca hədəfi İran hakimiyyətini təslimiyyətə məcbur etməkdir. 

ABŞ bu istəyinə nail ola biləcəkmi sualına gəlincə, İranın hazırkı mövqeyindən və davranışından belə görsənir ki, Tehran geri çəkilmək niyyətində deyil”. 

Onun sözlərinə görə, İranda hazırda mövcud hakimiyyət SEPAH-ın nəzarətindədir:

“SEPAH ABŞ-la danışıqlar məsələsində daha radikal mövqedən çıxış edir və sona qədər tələblərində israrlıdır. Belə bir halda Amerika üçün seçim imkanları azalır. 

ABŞ-nin qarşısında iki yol var, ya İranla yenidən müharibəyə başlamaq - halbuki bu, çox çətin bir taktikadır və Vaşinqtonun özü buna müsbət yanaşmır.

Onsuzda İranda sosial-iqtisadi vəziyyət acınacaqlı vəziyyətdədir və müharibə nəticəsində İran iqtisadiyyatına 100 milyard dollar civarında ziyan dəyib. Blokadanın davam etməsi İranda daha da ağır problemlərə gətirib çıxara bilər. 

Vaşinqton anlayır ki, bu taktika ilə hədəfə nail olmaq mümkündür. Bir məqamı da vurğulayım ki, blokadanın davam etdiyi müddətdə ABŞ İrana qarşı məhdud çərçivədə hücum əməliyyatları da həyata keçirə bilər. 

Yəni Ağ Ev İran hakimiyyətinə bununla mesaj göndərməklə onu tələblərinə riayyət etməyə çağıracaq”. 

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr