AZ

Cari ilin yanvar-mart aylarında 10 min uşaq reabilitasiya xidmətlərinə cəlb edilib

Qəbələ, 28 aprel, AZƏRTAC

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində cari ilin birinci rübü ərzində əlilliyi olan 2400 uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə təşkil olunan müdiatur çərçivəsində məlumat verilib.

Media nümayəndələri əlilliyi olan uşaqlar üçün mərkəzdə yaradılmış şərait, tətbiq olunan müasir reabilitasiya üsulları, eləcə də xidmət prosesinin təşkili ilə yaxından tanış olublar.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Aygün Abdullayeva bildirib ki ki, 25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan uşaqlara ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.

Qəbələ Uşaq Reabilitasiya Mərkəzi tərəfindən cari ilin birinci rübü ərzində əlilliyi olan 2400 uşağa reabilitasiya xidmətləri göstərilib. Ümumilikdə isə 2025-2026-cı illər ərzində 6900 uşaq mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb.

Bu kateqoriyadan olan uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində, eləcə də Şəmkir rayonundakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Agentliyin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin yanvar-mart ayları ərzində 10 min uşaq reabilitasiya xidmətlərinə cəlb edilib.

Reabilitasiya xidmətləri əlilliyi olan uşaqların sosial-psixoloji, tibbi reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Müxbir - Rasim İslamoğlu

Seçilən
45
7
azertag.az

9Mənbələr