AZ

Bu modellər TƏHLÜKƏDƏ - ŞOK XƏBƏRDARLIQ

ABŞ avtomobil bazarında gözlənilən yeni tarif siyasəti qlobal avtomobil sənayesində ciddi dəyişikliklərə yol aça bilər. Nissan, Toyota və Hyundai kimi nəhəng istehsalçıların ən ucuz modellərin satışını dayandırmağı nəzərdən keçirməsi, xüsusilə büdcə seqmentində avtomobil almağı planlaşdıranlar üçün narahatedici siqnaldır. Səbəb isə ABŞ, Kanada və Meksika arasında mövcud güzəştli ticarət rejiminin dəyişməsi ehtimalıdır.

Mütəxəssislərin fikrincə, yeni tariflər avtomobil hissələrinin maya dəyərini artıracaq. Bu isə istər-istəməz son satış qiymətlərinə təsir göstərəcək. Nəticədə həm ABŞ-də, həm də qlobal bazarda avtomobillərin bahalaşması, bəzi modellərin isə ümumiyyətlə istehsaldan və ya satışdan çıxarılması mümkündür.

Bəs ABŞ-də tətbiq oluna biləcək bu dəyişikliklər dünya avtomobil bazarına necə təsir edəcək? Qiymətlərdə artım qaçılmazdırmı? Azərbaycan avtomobil bazarı da bu prosesdən təsirlənə bilərmi?

eldeniz.jpg

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bu məsələ ötən il ABŞ prezidentinin başqa ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin Amerikaya ixracı zamanı rüsumların yüksəlməsi qərarı ilə əlaqədar məsələdir:

“Donald Tramp həmin o şirkətlərə xəbərdarlıq etmişdi ki, ya avtomobil sənayesi yenidən ABŞ-də cəmləşdiriləcək, yaxud da ki, əgər siz o avtomobilləri başqa ölkələrdə, Kanadada, Meksikada və yaxud da digər ölkələrdə, Braziliyada istehsal edib ABŞ-yə ixrac edirsinizsə, bu zaman rüsumlar yüksələcək. Çünki bəzi avtomobil sənayesi şirkətləri Amerika Birləşmiş Ştatlarında olan istehsal sənayesini, zavodları digər ölkələrə köçürmüşdü. Burada söhbət işçi qüvvəsinin ucuz olmasından gedir. Bununla bağlı belə bir qərar çıxarmışdı. Yeni administrasiya bunun Birləşmiş Ştatların iqtisadiyyatına mənfi təsir edəcəyini düşünürdü. Həmçinin işsizliyin azaldılması məqsədilə avtomobil sənayeçiləri qarşısında belə bir şərt qoyub. Bu qərardan sonra Birləşmiş Ştatlara idxal olunan bəzi avtomobillərin qiymətində kəskin dəyişiklik ola bilər. Ona görə də ucuz və ya baha avtomobillərin istehsal olunmasından asılı olmayaraq, bu problem yenə də həmin avtomobil istehsalçılarının üzərində qalır.

Avtomobil istehsalçıları da təbii ki, əgər qiymətlər kəskin yüksəlirsə, Birləşmiş Ştatlarda onların istehsal etdiyi avtomobillərin qiyməti artarsa, bu zaman alıcı itirirlər. Bu isə Birləşmiş Ştatlarda istehsal olunmuş markaları uduzur. Ona görə də qiymətlərin yüksəlməsi onlara sərf etmir və bu səbəbdən müxtəlif yollar axtarırlar ki, hansısa vasitələrlə bunu kompensasiya etsinlər. Məqsəd odur ki, başqa ölkələrdə istehsal etdikləri avtomobillər Birləşmiş Ştatlara idxal olunduqda, idxal rüsumları əlavə olunsa belə, avtomobillərin qiyməti ABŞ vətəndaşları üçün əlçatan olsun. Buna görə hazırda müxtəlif manevrlər edilir”.

Ekspert əlavə edib ki, bunun Azərbaycanın avtomobil bazarına hər hansı bir təsiri yoxdur və olmayacaq:

“Azərbaycanın avtomobil bazarına niyə təsir etməyəcəyinin cavabı isə odur ki, ölkəmizdə dünyanın bütün məşhur avtomobil markalarının rəsmi distributorları mövcuddur. Ölkəmizə əsasən Avropa standartlarına və Avropa spesifikasiyalarına uyğun avtomobillər gətirilir. Bu qərar isə sırf Amerika bazarına aiddir və oradakı proseslərin bizim bazarımıza hər hansı bir təsiri olmayacaq”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr