AZ

İdarə Heyətinin sədri: Birgə fəaliyyət nəticəsində iş yerlərində psixososial risklərin qarşısının alınması mümkündür

Bakı, 28 aprel, AZƏRTAC

Hər il Beynəlxalq Əmək Təşkilatı (BƏT) iş yerlərində yeni yaranan risklər və bunun gələcəkdə qarşısının alınması məqsədilə ictimaiyyətin diqqətini daha da artırmaq üçün xüsusi şüarlarla çıxış edir. Bu ilin şüarı da psixososial risklərin idarəedilməsi, müasir yanaşmalar və onun həlli yollarıdır. Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təşkil olunan panel müzakirəsində çıxışçıların qeyd etdiyi xüsusi məqamlar nəticəsində məlum oldu ki, ümumiyyətlə, psixososial risklər, iş bölgüsünün düzgün aparılmaması, əlavə iş yükləri, vəzifə öhdəliklərinin düzgün müəyyən edilməməsi və digər amillər işçilərin sağlamlığına təsir göstərir, onların rifahını aşağı salır. Bu da nəticə etibarilə müəssisənin məhsuldarlığına birbaşa zərbə vurur. Buna görə də həm işəgötürənlər, həm işçilər, eyni zamanda, dövlət qurumları birgə fəaliyyət göstərməlidir. Birgə fəaliyyət nəticəsində iş yerlərində psixososial risklərin qarşısının alınması mümkündür.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov deyib.

O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi Texniki Komitə tərəfindən əmək sahəsində ötən il 167 standart qəbul edilib və bu standartlarda xüsusilə psixososial risklərin qarşısının alınmasına dair metodiki göstərişlər var: “Bununla bağlı İSO 45003 dövlət standartı hazırlanıb, qəbul edilib. Mexanizm kimi, konkret olaraq iş yerlərində bu standartların tətbiqi psixososial risklərin qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir”.

Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - İlham Nadirov
Seçilən
43
2
azertag.az

3Mənbələr