AZ

ABŞ və İran arasında bazarlıq və gərginlik daha da artacaq

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Ötən gün Tehran münaqişənin həllinə dair Vaşinqtona yeni bir təklif təqdim edib. Belə ki, İran ABŞ-yə Hörmüz boğazını açmağı və nüvə danışıqlarını daha sonraya saxlamaqla münaqişəni dayandırmağı təklif edib. ABŞ Prezidenti Donald Tramp isə təklifdən məmnun deyil. Çünki təklifdə nüvə məsələsinin sonraya saxlanılması istənilir.

Mövzu ilə bağlı siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi ki, mövcud vəziyyətdə İran taktiki olaraq mərhələli razılaşma modeli təklif edir:

"Əvvəlcə blokadanın və Hörmüz boğazı məsələsinin həlli və atəşkəsin davamlı olaraq əldə olunması nəzərdə tutulur. Daha sonrakı mərhələdə nüvə müzakirələrinə start vermək olar. Əlbəttə ki, bu İran üçün vaxt qazanmaq və iqtisadi baxımdan nəfəs almaq cəhdidir.

ABŞ Prezidenti Donald Trampın dövründə öncə nüvə məsələsi prinsip olaraq israrla tələb olunub və bu səbəbdən Trampın İranın təqdim etdiyi bu təklifə qarşı narazılığını ifadə etməsini başa düşmək olar. Çünki Tehran zənginləşdirilmiş uran ehtiyatı və mümkün silah potensialı barədə konkret öhdəlik vermir".

Siyasi şərhçinin fikrincə, İranın təklifinin Tramp administrasiyası tərəfindən qəbul edilməsi çətin görünür:

"Hesab edirəm ki, İran yaxın günlərdə yeni təkliflə çıxış edəcək. “Nüvə silahı hazırlamırıq və zənginləşdirməni də məhdudlaşdıra bilərik” tipli yumşaldılmış yeni təklif verilə bilər. Məncə, ABŞ bu təklifi də qəbul etməyəcək. Əksinə, daha sərt şərtlər irəli sürərək İran tərəfindən təqdim olunmuş bütün təklifləri geri qaytaracaq. Bu baxımdan, yaxın vaxtlarda heç bir razılaşmadan söhbət gedə bilməz və hesab edirəm ki, iki ölkə arasında bazarlıq və gərginlik daha da artaraq davam edəcək.

Hörmüz boğazı və limanların blokadası ilə bağlı tanker gəmilərinin hərəkətinin bərpası istiqamətində müəyyən razılıq əldə edilə bilər. Bunun xaricində isə hər hansı genişmiqyaslı razılaşmanın əldə olunması ehtimalı aşağıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
redaktor.az

2Mənbələr