Bakı, 28 aprel, AZƏRTAC
Vaxt var idi Azərbaycanla əlaqə qurmaq bu qədər cəlbedici görünmürdü. Hətta bəzi mərkəzlər bu əlaqələrə mane olur, səfərlərə və görüşlərə veto qoyurdular. Xüsusilə də kollektiv Qərb Azərbaycanı bütün proseslərdən kənarlaşdırmaq fikrində ortaq görünürdü. İndi isə yanaşma kökündən dəyişir. Formalaşmaqda olan yeni dünya nizamında Azərbaycan proseslərə yön verən əsas dövlətlərdən birinə çevrilir. Bir vaxtlar Azərbaycanın üzünə bağlı olan qapılar indi sonunadək açıqdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
O bildirib ki, Avropa ölkələrinin liderləri bir-birinin ardınca Azərbaycan Prezidenti ilə görüş üçün vaxt alırlar.
“Təqribən bir ay ərzində Avropanın dörd lideri ölkəmizə səfər edib. Son Ukrayna Prezidenti və Çexiya Baş naziri ilə görüşlər Qəbələdə baş tutdu. Bu görüşlər zamanı liderlər Azərbaycanla bağlı ortaq fikirlər səsləndirdilər - Azərbaycanın regionda nüfuzu artır, əməkdaşlığımızı daha da inkişaf etdirməliyik və sair. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu isə liderlər xüsusi vurğulayırlar. Nəzərə almaq lazımdır ki, indi dünya enerji bazarında ciddi problemlər var. Bu amil Bakının neft-qaz ehtiyyatlarına tələbatı daha da artırır. Azərbaycanın isə tərəfdaşlarına dar gündə kömək əlini uzatması yüksək qiymətləndirilir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Qəbələdə səsləndirdiyi bir fikir, Azərbaycanın təkcə enerji təhlükəsizliyi məsələsində yox, həm də diplomatik sahədə böyük imkanlara malik olduğunu göstərirdi. Bu, Zelenskinin Rusiya ilə danışıqları Azərbaycanda aparmaq istəyi idi. Düşünürəm ki, Azərbaycanın bu görüşü keçirməyə siyasi imkanları var. Əvvəla ona görə ki, bu, ölkəmizinin ilk belə təcrübəsi deyil. Bundan əvvəl Rusiya-NATO danışıqları Bakıda keçirilmişdi. Azərbaycan paytaxtında, həmçinin Suriya-İsrail və Türkiyə-İsrail görüşləri baş tutub. Digər tərəfdən Bakı həm Rusiya, həm də Ukrayna üçün etibarlı məkan hesab edilir. Azərbaycanın investisiya, ticarət və tranzit imkanları da Qəbələ görüşləri zamanı əsas müzakirə mövzularından idi. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri vasitəsilə təhlükəsiz və etibarlı tranziti təmin etməsi ölkəmizi cəlbedici məkana çevirib”, - deyə siyasi şərhçi qeyd edib.