Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildiriblər.
Dövlət Sərhəd Xidməti Aparatında davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.
Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs edib, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulayıblar.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanıb.
Çıxışlar zamanı görkəmli oftalmoloq-alimin parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Sönməyən işıq” sənədli filmi nümayiş etdirilib.