AZ

Ruslan Ponomaryov: Azərbaycan hər zaman güclü şahmat ənənələrinə malik olub EKSKLÜZİV

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Yenidən Bakıda olmaqdan məmnunam. Dünən gecə Bakıya gəlmişəm. Bu, ilk səfərim deyil, şəhəri yaxşı tanıyıram. Bakı hər zaman məndə xoş təəssürat yaradıb və ümid edirəm ki, bu dəfə də belə olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı keçmiş dünya çempionu Ruslan Ponomaryov bu gün Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat festivalı ilə bağlı danışarkən deyib.

Turnirin səviyyəsinə toxunan qrossmeyster qeyd edib ki, Bakı daha yüksək səviyyəli yarışlara da ev sahibliyi edib.

“Burada Şahmat Olimpiadası və Dünya Kuboku kimi mötəbər turnirlər təşkil olunub. “Baku Open” isə daha çox kütləvi xarakter daşıyır. Bu yarışda ən yüksək reytinqli şahmatçıların hamısı iştirak etmir. Buna baxmayaraq, turnirə ciddi yanaşıram. Mən peşəkar şahmatçıyam və hər yarışda olduğu kimi burada da maksimum nəticə əldə etməyə çalışacağam. Eyni zamanda şahmatın təbliği və təcrübəmin bölüşülməsi də mənim üçün vacibdir”, - deyə keçmiş dünya çempionu vurğulayıb.

Dünya şahmatındakı son yeniliklərə də toxunan Ponomaryov bildirib ki, Polşanın Katovitse şəhərində keçirilmiş Avropa çempionatı gözlənilməz nəticə ilə yadda qalıb: “Çempionatda gənc beynəlxalq usta Roman Deqtyarevin qalib gəlməsi böyük sürpriz oldu. Bu nəticənin milli komandaya necə təsir edəcəyini zaman göstərəcək, lakin o artıq ciddi namizəd kimi qiymətləndirilir. Katovitsedə Azərbaycan təmsilçiləri də yaxşı nəticələr göstərdilər. Onlardan bəziləri Dünya Kubokuna vəsiqə qazandılar. Ümumilikdə Azərbaycan hər zaman güclü şahmat ənənələrinə malik olub”.

O, komandalararası yarışlardan da söz açaraq Azərbaycanın güclü rəqib olduğunu vurğulayıb.

“Ötən il Batumidə keçirilən Avropa çempionatında Ukrayna yığması qalib gəldi. Həmin yarışda bizim üçün ən çətin qarşılaşmalardan biri Azərbaycanla olmuşdu. Yeganə məğlubiyyətimizi də məhz bu komandadan aldıq. Rauf Məmmədovun Andrey Volokitini məğlub etməsi rəqabətin nə qədər gərgin olduğunu göstərir”, - deyə Ruslan Ponomaryov əlavə edib.

Sonda turnirlərin intensivliyinə diqqət çəkən təcrübəli şahmatçı bildirib ki, bu səbəbdən bəzi güclü oyunçuların “Baku Open”də iştirak etməməsi təəccüblü deyil: “Açığı, bu yarışda Azərbaycandan daha çox güclü şahmatçının çıxış edəcəyini gözləyirdim. Lakin görünür, onların fərqli planları olub və ya Avropa çempionatından sonra istirahətə ehtiyac duyublar. Çünki belə turnirləri ardıcıl oynamaq kifayət qədər çətindir. Mən isə Avropa çempionatını buraxaraq Minorkada keçirilən rapid turnirdə iştirak etdim”.

Qeyd edək ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min dollar təşkil edir. Bakı Kristal Zalında gerçəkləşən yarışa mayın 6-da yekun vurulacaq.

Müxbirlər - Cavid Əliyev, Aynur Əlixanlı

Fotoqraf - Tofiq Babayev

Videoqraf - İlham Nadirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
azertag.az

3Mənbələr