AZ

“Paşinyanın qələbə şansı “Vaşinqton Tayms”da göstərildiyi qədər aşağı deyil…” KONFLİKTOLOQ

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Alternativ liderlərin Paşinyandan daha güclü olduğunu göstərən ciddi sorğu nəticələri yoxdur. Ən azından, Paşinyan öz siyasi xəttini müəyyən qədər seçicilərə izah edə bilmiş bir liderdir…”

“Eyni zamanda, seçicilərin bir hissəsi onları köhnə sistemin nümayəndələri kimi qəbul edir. Xüsusilə gənc və şəhər seçiciləri üçün keçmiş siyasi elitalar cəlbedici deyil…”

“ “The Washington Times”da təqdim olunan yanaşma xeyli tənqidi və birtərəfli görünür. Orada Paşinyanın reytinqi (8%) çox aşağı göstərilir. Bu rəqəm açıq mənbələrdəki müxtəlif sorğularla tam üst-üstə düşmür, ona görə də onun doğruluğu ciddi şübhə doğurur. Bundan əlavə, seçkilərin qeyri-azad olacağı əvvəlcədən qəti bir tərzdə proqnozlaşdırılır. Hətta bu, proqnozdan daha çox bir mövqe təsiri bağışlayır. Həmçinin Avropa İttifaqı tərəfindən dəstək “manipulyasiya aləti” kimi təqdim olunur ki, bu da mübahisəli və sübut tələb edən iddiadır. Qısacası, bu məqalədə doğru məqamlar ola bilər, amma o, obyektiv analiz üçün yetərli bir mənbə deyil.”

Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında  bu günlərdə Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın və komandasının 7 iyun seçkilərindəki şansları ilə bağlı “Vaşinqton-Tayms”(“The Washington Times”) nəşrində dərc olunmuş məqaləyə münasibət bildirərkən ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.

“Nikol Paşinyanın seçkiləri qazanma şansını dəyərləndirərkən qeyd etmək lazımdır ki, onun vəziyyəti paradoksaldır, çünki həm zəif, həm də güclü tərəfləri var. Zəif tərəfləri əsasən Qarabağ məsələsi ilə bağlıdır. Qarabağdakı məğlubiyyəti onun reputasiyasına ciddi zərbə vurdu. Bununla belə, qeyd etmək lazımdır ki, Qarabağ məğlubiyyətindən sonra o, seçkilərdə qalib gəldi. Buna görə də bu məsələnin onun üçün həlledici dərəcədə ağır yük olduğunu demək çətindir. Əlbəttə ki, müxalifət onun əleyhinə işləmək üçün bu mövzudan geniş istifadə edib. Son zamanlar xalq arasında müəyyən dərəcədə Paşinyan hökumətinə qarşı narazılıq artıb. Bu prosesdə Rusiyanın dəstəklədiyi müxalifətin mobilizasiyası mühüm rol oynayır. Ermənistanda təhlükəsizlik narahatlıqları artsa da, hələ də Paşinyan hökumətinin təhlükəsizlik siyasətinə inananların çoxluqda olması ehtimalı yüksəkdir”, -deyə davamında konfliktoloq diqqətə çatdırıb.

Professor hesab edir ki, Paşinyanın güclü tərəfləri də az deyil: 

“Hər şeydən əvvəl, o, hakimiyyətdədir və inzibati resurslar onun əlindədir. Dövlət institutlarının böyük hissəsinə nəzarət edir ki, bu da istənilən ölkədə hakim partiya üçün ciddi üstünlükdür. Bundan başqa, müxalif qüvvələr nə qədər mobilizasiya olsalar da, onların tam şəkildə birləşdiyini demək olmaz. Vahid müxalifətin olmaması Paşinyan üçün ciddi üstünlükdür. Alternativ liderlərin Paşinyandan daha güclü olduğunu göstərən ciddi sorğu nəticələri yoxdur. Ən azından, Paşinyan öz siyasi xəttini müəyyən qədər seçicilərə izah edə bilmiş bir liderdir.

Paşinyan eyni zamanda Qərb ilə əlaqələrini möhkəmləndirməyi bacarıb. Qərb isə Ermənistanın yenidən Rusiyaya yönəlməsində maraqlı deyil. Bu, müəyyən dərəcədə Paşinyana dəstək demək olsa da, yalnız buna əsaslanaraq onun qələbəsini proqnozlaşdırmaq düzgün olmaz. Əksinə, açıq Qərb dəstəyi bəzən əks reaksiya da doğura bilər… 

Paşinyanın əsas üstünlüklərindən biri də sülhyönümlü siyasət xəttidir. Müharibədən sonra müəyyən dövrdə əldə etdiyi ictimai dəstək də bunu göstərir.

Buna görə demək olar ki, Paşinyanın şansı məqalədə göstərildiyi qədər aşağı deyil. O, hələ də ən güclü namizədlərdən biridir, hətta onu favorit hesab etmək olar...”

Əli Əskərli Ermənistanın revanşist müxalifətinin də seçkilərdəki şanslarını dəyərləndirib.

“Rusiyapərəst müxalifətin şansına gəldikdə isə, onların da müəyyən üstünlükləri var. Onlar əsasən Qarabağ mövzusundan istifadə edərək cəmiyyətdə anti-Paşinyan emosiyaları gücləndirməyə çalışırlar. Onların əsas tezisi Rusiyasız Ermənistanın təhlükəsizliyinin mümkün olmadığıdır və bu yanaşma uzun müddət müəyyən təsir gücünə malik olub. Ona görə də bu siyasətin yenidən güc qazanacağını istisna etmək olmaz. Lakin müxalifət parçalanmış vəziyyətdədir və vahid liderə malik deyil. Eyni zamanda, seçicilərin bir hissəsi onları köhnə sistemin nümayəndələri kimi qəbul edir. Xüsusilə gənc və şəhər seçiciləri üçün keçmiş siyasi elitalar cəlbedici deyil”, - deyə həmsöhbətimiz nəzərə çatdırıb.

“Nəticə etibarilə, müxalifətin qələbəsi hazırda zəif görünür. Seçkilərin rəqabətli keçəcəyi şübhə doğurmur. Paşinyanın şansı məqalədə iddia edildiyi qədər aşağı deyil və o, hələ də favoritdir. Qalan qısa müddətdə birləşə bilməsə, müxalifətin qələbə ehtimalı olduqca aşağı olaraq qalacaq. Paşinyan əvvəlki illərlə müqayisədə daha zəif görünsə də, onun təkbaşına və ya koalisiya şəklində qalib gəlmə ehtimalı yüksəkdir”, - konfliktoloq vurğulayıb.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
moderator.az

2Mənbələr