AZ

Rusiya Ukraynaya 170 dən çox PUA ilə hücum etdi Üç şəhərdə dağıntı və tələfat var....

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 29-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə vilayətinə genişmiqyaslı hava hücumu təşkil edib. Ukrayna Hava Qüvvələrinin yaydığı rəsmi məlumata görə, hücum zamanı ümumilikdə 171 pilotsuz uçuş aparatı (PUA) buraxılıb. Həyata keçirilən hava hücumundan müdafiə tədbirləri nəticəsində onlardan 154-ü zərərsizləşdirilib.

Rusiyanın kütləvi hücumuna məruz qalan ərazilərdən biri Odessa vilayəti olub. Vilayət administrasiyasının rəhbəri Oleq Kiperin verdiyi məlumata görə, hücum nəticəsində yaşayış binaları və bir xəstəxana ciddi zərər görüb. Xüsusilə rayon xəstəxanalarından birinin qəbul şöbəsi tamamilə dağılıb. Zərbə anında tibbi personal və xəstələr sığınacaqda olduqları üçün xəsarət alan olmayıb.

Buna baxmayaraq, mülki şəxslər arasında yaralıların olduğu bildirilir: 47 yaşlı kişi və 56 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Həmçinin hücum zamanı Dunay Biosfer Qoruğunun ərazisində yanğın başlayıb.

Gecə saatlarında Xarkov şəhəri və ətraf rayonlar da PUA-ların hədəfi olub. Vilayət Prokurorluğunun məlumatına əsasən, hücum nəticəsində 6 nəfər xəsarət alıb. Yaşayış evlərinə, avtomobillərə və təsərrüfat tikililərinə ciddi ziyan dəyib.

Sumı vilayətində isə vəziyyət daha ağırdır. Vilayət rəhbəri Oleq Qriqorovun bildirdiyinə görə, zərbələr birbaşa dinc sakinlərin yaşadığı evlərə endirilib. Şostka icmasında baş verən hücum nəticəsində yaşayış sektorunda genişmiqyaslı yanğınlar qeydə alınıb. Təəssüf ki, yanğın zamanı dəm qazından zəhərlənən 65 yaşlı qadın həyatını itirib.

Hazırda ərazilərdə xilasetmə və bərpa işləri davam edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
azpolitika.info

1Mənbələr