ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Vladimir Putin yarım aya yaxındır Ukrayna PUA-larının zərbələri nəticəsində ekoloji fəlakət yaşayan Tuapse şəhərindəki vəziyyətlə bağlı ötən gün ilk dəfə şərh verib.
“AzPolitika” xəbər verir ki, Putin bu mövzuda Rusiyada qarşıdan gələn parlament seçkilərindəki təhlükəsizliklə bağlı keçirilən iclasda danışıb.
"Mülki infrastrukturlara dron hücumları getdikcə daha çox yayılır. Ən son nümunə Tuapsedəki enerji obyektlərinə edilən hücumlardır ki, bu da potensial olaraq ciddi ekoloji nəticələrə səbəb ola bilər. Lakin qubernator ciddi təhlükələrin olmadığını bildirdi. İnsanlar yerində üzləşdikləri çağırışlarla mübarizə aparırlar və bacarırlar", - deyə Putin bildirib. Bununla da Rusiya başçısı bir növ məsuliyyəti qubernatorun üzərinə atıb və videokadrlardan, yerli əhalinin şikayətlərindən, mütəxəssislərin şərhlərindən də açıq-aydın görünən ekoloji fəlakəti qulaqardına vurub…
Xatırladaq ki, 28 aprelə keçən gecə Ukrayna dronları bir ay ərzində üçüncü dəfə Tuapsedəki neft infrastrukturuna hücum edib. İlk iki hücum 16 və 20 aprel tarixlərində olmuş, nəticədə yanğınlar baş vermişdi. Həmin hücumlardan sonrakı yanğınların söndürülməsi bir neçə gün çəkmişdi.
Birinci yanğından sonra Qara dənizdə təxminən 10.000 kvadrat metr sahəni əhatə edən neft ləkəsi yaranmış, ikinci yanğın şəhərdə “neft yağışına” səbəb olmuşdu. Sahil suları, çimərliklər yararsız hala düşmüşdü.
Üçüncü yanğın digər fəsadlarla yanaşı, şəhər küçələrinə yanan neft dağılması ilə nəticələnib. Hücuma məruz qalan Tuapse Neft Emalı Zavodunun yaxınlığında yaşayan sakinlər təxliyə edilib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.