30 aprel – 1 may tarixlərində paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.
BTQ-dən verilən məlumata görə, forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək.
Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamanda ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılacaq.
Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq.