AZ

İranda işsizlərin sayı 1 milyonu keçib

Yazını böyüt
Yazını kiçilt

İranda milyonlarla insan müharibə səbəbindən işsizliklə üzləşir. Bu arada, blokada səbəbindən satıla bilməyən neft istismardan çıxarılan anbarlara göndərilir. 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibə onsuz da çətinlik çəkən İran iqtisadiyyatını daha da ağırlaşdırıb.

Hafta.az yazır ki, CNN-nin məlumatına görə, neft emalı zavodu işçilərindən tutmuş tekstil işçilərinə, yük maşını sürücülərindən tutmuş stüardessalara qədər bir çox sektorda iş yerlərinin itirilməsi baş verir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (BMTİP) görə, münaqişə nəticəsində təxminən 4,1 milyon insan yoxsulluğa düçar ola bilər.

Müharibə zamanı həyata keçirilən hücumlarda 23 mindən çox zavod və şirkət binalarının zədələndiyi və ya fəaliyyətinin dayandırıldığı bildirilir.

İran Əmək və Sosial Təminat nazirinin müavini Qulam Hüseyn Məhəmmədi deyir ki, nəticədə 1 milyon insan işini itirib. İran media orqanı “Etemad Online”ın hesablamalarına görə, bu vəziyyətin dolayı təsirləri səbəbindən əlavə 1 milyon insan işsiz qalıb.

Amerikalı beyin mərkəzi Quincy İnstitutundan Hadi Kahalzadə müharibənin İranın onsuz da kövrək olan iqtisadiyyatını sarsıtdığını, iş yerlərinin 50 faizini təhlükəyə atdığını və əhalinin 5 faizini daha da yoxsullaşdırdığını deyir: “Bir çox şirkət müharibə, inflyasiya, tənəzzül və tələbatın azalması təzyiqi altında fəaliyyətini dayandırıb”.

Ötən ay İsrailin nəhəng neft-kimya zavodlarına hava hücumları minlərlə işçini ödənişsiz məzuniyyətə çıxmağa məcbur edib.

İranın ağır sənayesinə vurulan genişmiqyaslı ziyanın təsiri iqtisadiyyatın digər sahələrinə də yayılıb. Azərbaycan sərhədi yaxınlığında qoşqu istehsalçısı olan Maral Sanat polad çatışmazlığı səbəbindən 1500 nəfəri, İranın ən böyük tekstil şirkətlərindən biri olan Borucerd isə 700 nəfəri işdən çıxarıb.

ABŞ ilə İran arasındakı mübahisə səbəbindən enerji bazarını pozan Hörmüz boğazındakı böhran da günbəgün dərinləşir. Tehran, Vaşinqton administrasiyası blokadanı qaldırmadığı təqdirdə danışıqlara girməyəcəyini bildirir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bir paylaşımda blokadaya yenidən reaksiya verərək, "Bu, açıq dənizlərdə piratçılığın və silahlı soyğunçuluğun leqallaşdırılmasıdır" deyib.

Bu arada, İranın Hörmüz boğazının yenidən açılması müqabilində nüvə proqramı ilə bağlı danışıqları sonrakı mərhələyə təxirə salmağı təklif etdiyi iddia edilmişdi. Lakin CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu təklifi qəbul etmir.

“The Wall Street Journal” xəbər verir ki, ABŞ-ın 14 apreldə tətbiq etdiyi blokada səbəbindən İran hökuməti satılmamış nefti istismardan çıxarılan anbarlara göndərir.

Blokada səbəbindən İranın xam neft daşınması 14-23 aprel tarixləri arasında gündə orta hesabla 2 milyon bareldən 567 min barelə düşüb.

Seçilən
55
hafta.az

1Mənbələr