Son illərdə xırda fermer təsərrüfatlarının ən böyük problemlərindən biri onların bazarda rəqabət qabiliyyətinin zəif olmasıdır. Kiçik həcmli istehsal, məhdud resurslar, logistika çətinlikləri və bazara çıxış imkanlarının zəifliyi nəticəsində bir çox fermerlər öz məhsullarını stabil şəkildə sata bilmir, gəlir formalaşdırmaqda çətinlik çəkirlər. Eyni zamanda, fərdi təsərrüfatlar iri alıcılarla danışıqlarda da zəif mövqedə qalır və bu, onların iqtisadi dayanıqlığını azaldır.
Belə bir şəraitdə əsas suallardan biri ortaya çıxır: xırda fermerlər necə birləşə və daha güclü iqtisadi subyektə çevrilə bilərlər? Məhz bu nöqtədə kooperasiya və birgə təsərrüfat modelləri aktuallaşır. Dünyada bu problemlərin həlli üçün müxtəlif inteqrasiya olunmuş kənd təsərrüfatı sistemləri tətbiq edilir və uğurlu nəticələr verir.
Bu barədə Sitat.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də vurğuladı ki, sıravi kəndlinin bazar üçün pay əldə etməsi məqsədilə dünyada müxtəlif kənd təsərrüfatı modelləri mövcuddur: " Bu modellər fərqli formalarda təşkil olunur. Onların arasında yaşlı nəslin şahidi olduğu sistemlər də var. Lakin həmin sistemlərin bəziləri müəyyən qədər təhrif olunmuş formada tətbiq edilib. Məsələn, kolxoz və sovxoz sistemi əslində kooperasiya modelinə əsaslanırdı. Lakin həmin dövrdə bu modelə dövlət birbaşa müdaxilə edir, hətta onun fəaliyyətini özü idarə edirdi. Müasir mərhələdə isə dünyada daha çox könüllü birləşmə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan kooperasiya modelləri üstünlük təşkil edir.
Belə modellərdə 30, 40, 50, hətta 100-ə yaxın payçı öz resurslarını birləşdirir, böyük təsərrüfatı yaradır və idarəetməni şəffaf səsvermə yolu ilə seçilmiş rəhbərə həvalə edirlər. Payçılar isə birgə şəkildə çalışaraq məhsullarını təkcə ölkə bazarına deyil, xarici bazarlara da çıxara bilirlər".
A.Nəsirlinin fikrincə, Azərbaycanda elə bir model seçilməlidir ki, kolxoz sistemində olduğu kimi məcburi birləşmə yox, könüllü iştirak əsasında təşəbbüslər təşviq edilsin: "Yəni insanlar ayrı-ayrılıqda kiçik sahələrdə əkin aparmaq əvəzinə, stimullaşdırıcı mexanizmlər vasitəsilə birləşərək daha iri təsərrüfatlar qura bilsinlər. Məsələn, 5, 10 və ya 3 hektar sahələrin ayrı-ayrılıqda becərilməsi əvəzinə, 1000 və ya 2000 hektarlıq böyük təsərrüfatların birgə idarə olunması daha səmərəli model ola bilər.
Bu cür model əvvəlcə bir kənddə və ya regionda uğur qazandığı halda, zamanla ölkənin digər bölgələrinə də yayıla bilər. Məsələn, İsmayıllı rayonunun İvanovka kəndi bu istiqamətdə müəyyən təşəbbüslər göstərmiş və uğurlar da əldə etmişdi. Lakin hazırkı iqtisadi mexanizmlər bu kimi təşəbbüsləri kifayət qədər stimullaşdırmadığından, İvanovka kəndi də müəyyən çətinliklərlə üzləşmək mərhələsinə gəlib çıxıb.
Əslində, İvanovka kəndinin təcrübəsi həm qorunmalı, həm də inkişaf etdirilərək ölkə üçün nümunə kimi təqdim olunmalıdır. Hətta sovet dövründə bu kənd bütün Azərbaycan üçün kollektiv təsərrüfat modelinin uğurlu nümunələrindən biri hesab olunurdu. Bu gün isə həmin təcrübədən düzgün şəkildə istifadə edilməli, həm onun zəifləməsinin qarşısı alınmalı, həm də oxşar kooperativ təsərrüfatların yaradılması və genişlənməsi üçün əlverişli şərait formalaşdırılmalıdır".
Nigar,
Sitat.info