AZ

İranla danışan yəhudi kürəkən: Kuşnerin həyat hekayəsi...

1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu zamanı iki həftə ərzində demək olar ki, Belarus işğal edilir. İlk olaraq paytaxt Minski, daha sonra Novoqrudoku ələ keçirilir. Şəhərdə yaşayan bütün yəhudilər sarı ulduzlu nişanlanmış geyindirilir. Almanlar hüquqşünas və digər intellektual peşə sahibi olan yəhudiləri elə şəhərin mərkəzindəcə güllələyirlər. Güllələmədən sonra şəhərin mərkəzindəki qanı yumaq üçün 50 nəfərdən ibarət təmizləyici dəstə hazırlanır və Raisa Kuşner də bu dəstənin içərisində yer alır. Qalanları əsir düşərgəsinə yerləşdirilir...

Yəhudilərin tökülən qanını silmək

Siyasətdə təsadüflər az olur, bəlkə də heç olmur. Xüsusən də mövzu yəhudilərlə bağlıdırsa, o zaman buna heç inanmaq lazım deyil. Gəl ki, bir də siyasətçi ilə qohum olursansa, bu artıq heç təsadüfi münasibətlərdən yaranmır. Çünki belə nikahların bağlanmasının arxasında hər zaman siyasi və merkantil maraqlar olur. Birləşmiş Ştatların lideri Donald Trampın qızı İvanka ilə evlənən Cerald Kuşner kimi... Bəli, o Kuşner ki, yəhudidir, nasistlərin güllələdiyi yəhudilərin küçədə qanını təmizləməkdə iştirak edən Raisa Kuşnerin nəvəsidir. İndi nəvə Kuşner təkcə Ağ Ev liderinin kürəkəni deyil, həm də onun istər Rusiya, istərsə İranla danışıqlara göndərdiyi adamıdır. Qəribədir, İsraillə münaqişə vəziyyətində olan İranla müzakirələrə  yəhudi göndərilir. Və bu faktın özü Trampın yəhudilərlə nə qədər yaxın olduğunu bir daha təsdiqləyir - Netanyahu ilə dostluq, Yerusəlimi İsrail paytaxtı elan etmək, kürəkən də yəhudi...

Bəli, 1943-cü ilin ortalarında Rayanın anası və bacılarından biri Belarusdakı həmin əsir düşərgəsində dünyasını dəyişir. Raya atası, qardaşı və ikinci bacısı ilə sağ qalır. O zaman 500-ə yaxın əsir nasistlərdən qaçmaq qərarına gəlir və bunun üçün əlləri ilə tunel qazırlar. Qaçış uğurla alınsa da, Raya Kuşnerin qardaşı ölür. Sağ qalan Kuşnerlər Balski qardaşlarının partizan dəstəsinə qoşulurlar. Raya 1945-ci ildə müharibədən sonra partizan dəstəsində tanış olduğu dülgər İosif Berkoviçə ərə gedir. Bundan sonra onlar qeyri-leqal yolla İtaliyaya gəlir və orada qaçqın düşərgəsinə yerləşərək ABŞ-yə viza alırlar.

İosif (artıq o, adını dəyişərək Cozef qoyur) Raisa ilə Nyu-Yorkda Bruklində yerləşirlər. İosif Nyu-Cersidə tikintidə işləməyə başlayır. Burada onların işləri çox uğurlu alınır. İosif taunhaus evlər tikərək, onları icarəyə verir. Kuşnerlər qısa zaman ərzində lazımi səviyyədə gəlir əldə edirlər. Nyu-Yorkda ailənin Mürrey və Çarlz adlı uşaqları dünyaya gəlir. Ataları İosif dünyasını dəyişdikdən sonra ailədə məsuliyyəti Çarlz öz üzərinə götürür. Artıq bu zaman Kuşnerlər ailəsinin 20 min kvadratmetrlik mənzili, banklarda payları və hotel biznesi var idi.

Kuşnerlər necə varlandı?

Kuşnerlər ailəsi əldə etdiyi gəlirlərdən yəhudi təhsil müəssisələrinin tikintisini maliyyələşdirir, bununla belə, imkansızlara yardım edirlər. Raisa Kuşner özü isə ABŞ-dəki Xolokost Muzeyinin ilk yaradıcılarından biri hesab olunur.

Nəhayət, 1981-ci ildə Çarlzın oğlu Cared dünyaya gəlir. Cared mehriban və dini bir ailədə böyürərək, tərbiyə alır. Caredin xalaları, bibiləri, dayı və əmiləri, qohumları mütəmadi olaraq onlarla şabat (şənbə) yeməklərinə gəlirlərdi.

İş adamı olan Çarlz Kuşneri siyasət özünə cəlb edir. Və qısa zamanda Çarlz Demokratlar Partiyasının əsas donorlarından birinə çevrilir. Hətta Hillari Klinton dəfələrlə onun qonağı olur.

Çarlz Kuşnerin maliyyə dəstəyi ilə Cim Makqrivi Nyu-Cersinin qubernatoru seçilir. Cim Makqrivi qubernator seçildikdən sonra Kuşnerə borclu qalmır. Nyu-York və Nyu-Cersinin limanları idarəsinin rəhbərliyinə namizədliyini irəli sürür. Bu isə Çarlz Kuşnerə 2001-ci il 11 sentyabr zamanı Nyu-Yorkda terror nəticəsində dağıdılan “Əkizlər” Dünya Ticarət Mərkəzinin yenidən bərpası ilə bağlı möhtəşəm müqavilə imzalamaq imkanı yaradır. Onun bu perspektivi ailədə heç də birmənalı qarşılanmır və qardaşı bunun əleyhinə çıxır. Kuşnerlər ailəsində baş verən bu mübahisə və Mürreyin açıqlamaları Nyu-Cersinin ambisiyalı prokuroru Krisi Kristin maraqlarını çəkir və prokuror Çarlza qarşı ittiham irəli sürür. Nəticədə Çarlz limanlar idarəsinə rəhbərlikdən namizədliyini geri götürməli olur.

Prokurorluq Çarlza qarşı 18 epizod üzrə vergidən yayınma, istintaqa təsir etmə, qeyri-qanuni olaraq siyasi təşkilatları maliyyələşdirməklə bağlı cinayət işi qaldırır. 2005-ci ildə Çarlz iki il müddətinə həbs olunur. Kristi bununla da Kuşnerlər ailəsinin biznesinə dağıdıcı zərbə vurmuş olur. Çarlz həbsdə olan zaman oğlu Cared Harvard Universitetini bitirir. Cared ailəsinin itirdiyi reputasiyanı və milyonları bərpa etməyə qərar verir. Bu məqsədlə o, media layihələrinə start verir və təhsilli insanlar arasında populyar olan “The New York Observer” qəzetinə sahib olur.

Sinaqoqda toy və Trampın yəhudi qızı

Çarlz isə 1,5 il sonra həbsdən çıxır. Ancaq o, şirkətə rəhbərlik etmək istəmir və bundan imtina edir. Çarlz şirkəti oğlu Caredə təhvil verir. Çünki təmiz adla kredit almaq daha asan olduğunu yaxşı bilir. Ata-oğul şirkətdə çox gözəl tandem yarada bilirlər. Məhz bunun nəticəsində yenidən uğurlar bir-birini əvəz etməyə başlayır. Nəticədə Nyu-Yorkdakı Bruklin məhəlləsində ailənin bir neçə göydələni ucalır. Kuşnerlər ailəsinə məxsus şirkətin əməkdaşlarının sayı 70-dən 700-dək artır. Bu uğurlar fonunda Çarlzın məhkumluğu unudulur.

2007-ci ildə işgüzar naharda Cared tikinti maqnatı Donald Trampın qızı İvanka ilə tanış olur. Bu tanışlıqdan iki il sonra  Kuşnerlər ailəsinin razılığı ilə İvanka sinaqoqda iudaizm dinini qəbul edir və onlar toy edirlər. 2015-ci ilin iyununda Donald Tramp prezident seçkilərində iştirak etmək barədə qərar verən zaman Cared tərəddüd etmədən ona yardımçı olacağını bəyan edir. O, bunu qohumluq vəzifəsi bilir. Onun siyasi proseslərə marağı ailədən gələn bir ənənə hesab olunur. Baxmayaraq ki, Cared Demokratları dəstəkləyən bir ailədə böyüyüb.

2015-ci ilin 9 noyabrında İllinoys ştatında Sprinqfild şəhərindəki ən böyük konfrans zalında böyük siyasətin nə olduğunu anlayır. O zaman Trampın ətrafında 10 mindən çox tərəfdaşı olur. O, böyük siyasətdə bir çox məsələlərlə maraqlanmağa başlayır. Kuşner seçki ərəfəsində Trampla bütün ölkəni gəzərək ABŞ reallığını görməyə başlayır. O, sadə amerikalının nəyə ehtiyac duyduğunu öyrənir. Seçki kampaniyası dövrü isə qayınatasına yaxından yardım edir.

Qələbədən sonra kürəkənin qisası

Trampın qələbəsindən sonra Cared atası Çarlızı dəmir barmaqlıqlar arxasına göndərən Kris Kristidən qisas almağı  düşünür. Və bunun nəticəsi olaraq Cared Kris Kristiyə Tramp administrasiyasında vəzifə almağa imkan vermir. Baxmayaraq ki, Kris Kristi Trampın yaxın silahdaşlarından olub. Tramp ona administrasiyada vəzifə təklif etsə də, Cared buna imkan vermir.

Qeyd edək ki, Cared hazırda ən vacib məsələləri həll edən kadrlardan biri hesab olunur. Kuşner Səudiyyə Ərəbistanı, Çin, İsrail, Kanada və Meksika ilə əlaqələrə cavabdehlik daşıyır. Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı məşhur silah müqaviləsi onun sayəsində imzalanıb. Ümumiyyətlə, öz qayınatasının baş məsləhətçisi təyin olunduqdan sonra bu yəhudi ailəsinin Ağ Evə təsir rıçaqları daha da artıb. Kuşner ailəsinin şəxsi sərvəti 1,8 milyard dollar təşkil edir. Bu sərvətin 1,15 milyard dolları daşınmaz əmlakın payına düşür. Onların 6 ştatda 1,2 milyon kvadrat metr yaşayış, kommersiya və ticarət əmlakı mövcuddur.

Cared eyni zamanda ortodoksal yəhudidir. “New York Observer” qəzetində dərc olunan redaksiya məqaləsində o, Trampın irqçi olmadığını qeyd edib. Tramp üçün Kuşner ən etibarlı sirdaşlarındandır və etibar edə biləcəyi biridir. O, həmçinin digər ölkələrlə danışıqlarda özünü sübut edib. Donald Trampın Kuşneri Vitkoffla birlikdə Vladimir Putinlə danışıqlara göndərməsi onun tez bir zamanda nəticə əldə etməyə can atdığını göstərir. Siyasətdə və həyatda isə qayınata ilə kürəkənin yola getməsi azsaylı nümunələrdəndir. Görək, Trampla Kuşner hara qədər birgə olacaqlar...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Seçilən
56
musavat.com

1Mənbələr