AZ

Güllə gilizinin içinə yerləşdirilir, əsgərlərin boynundan asılırdı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilib. Layihəyə əsasən, hərbçilərə jeton veriləcək. Şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər.Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a bildirib ki, şəxsi jeton hələ qədimdən mövcud olub, SSRİ dövründə də istifadə edilib:"Əvvəl ancaq zabitlərə jeton verilirdi. Amma əsgərlərin və çavuşların da jeton əvəzinə xüsusi hazırlanmış nişanları olurdu. Üzərində adı, soyadı, hansı tabor və bölükdə xidmət etdiyi göstərilirdi. Buna “patron” deyirdilər, yəni güllə gilizinin içinə yerləşdirilir, boyundan asılırdı. Məqsəd ondan ibarət idi ki, bədbəxt hadisə nəticəsində yanma və ya tanınmaz hala düşmə baş verərsə, şəxsin tanınması asan olsun. İndi isə bunu bir qədər müasirləşdirərək “hərbi qulluqçuların şəxsi jetonu” adı ilə təqdim edirlər. Bildirilir ki, yaralanma, travma və ya kontuziya zamanı şəxsin kimliyini müəyyən etmək üçün istifadə ediləcək. Burada hər hansı ciddi yenilik və ya fövqəladə dəyişiklik yoxdur. Bu, onsuz da olmalı idi. Bu gün də Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınlarından DNT analizi götürülür ki, onların şəxsiyyəti müəyyənləşdirilsin".Ekspert deyib ki, müharibə şəraitində bəziləri buna lazımi əhəmiyyət vermirdi:"Bunlar normal proseslərdir və indi sadəcə bu sahə daha sistemli şəkildə tənzimlənir. Əlbəttə ki, hər bir qurumun, istər Müdafiə Nazirliyi, istər Dövlət Sərhəd Xidməti, istərsə də Daxili Qoşunlar və digər güc strukturlarının birbaşa borcudur ki, hər bir əsgər və zabiti jetonla təmin etsin. Bu işin bundan sonra mütləq qaydada həyata keçiriləcəyi görünür. Digər tərəfdən, döyüş fəaliyyəti aparmayan və ya döyüş hazırlığı ilə birbaşa bağlı olmayan hərbi hissələrdə bu jetonun əhəmiyyəti o qədər də böyük sayılmır. Yəni əsasən bədbəxt hadisə zamanı, məsələn yanma və ya ağır xəsarət hallarında əhəmiyyət kəsb edir. Jeton qan qrupunun müəyyən edilməsi üçün də istifadə oluna bilər. Bundan sonra bu sahəyə vəsait ayrılmalı, hərbi qulluqçular üçün jetonlar hazırlanmalıdır. Bu jetonlar elə materialdan hazırlanır ki, nə yansın, nə də ərisin",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
demokrat.az

1Mənbələr