“Səhv bu idi ki, "Azəriqaz" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə daxil oldu. Düzdür, bir müddət sayğac və bu kimi problemlərin şahidi olmadıq. Ən böyük və diqqətimizi cəlb edən problem Əkbər Hacıyev "Azəriqaz"a rəis təyin ediləndən sonra oldu. Sayğacla əlaqədar şikayətlər çox daxil olurdu, Fransadan, deyəsən, "Zenner" smart tipli sayğaclar alınmağa başlanıldı. Fərqi o dəqiqə hiss etdik, smart tipli sayğaclarda abonenti aldatmaq məsələsi yoxdur. Elə bil, hansısa bir əl "Azəriqaz"da sayğac əməliyyatları, abonentləri aldatmaq, qaz itkisi və izahı olunmayan xeyli sayda suallar ortaya çıxarır. İnanın ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Azər Məmmədov təyin ediləndən də müsbət hal müşahidə etməmişəm, əgər etsəydim, böyük məmnuniyyətlə, bu haqda yazardım. Biz daim monitorinqlər aparırıq. Bu monitorinqlərin əsas xüsusiyyətlərindən biri yaxşını da, pisi də qeyd etməkdir. Başqaları, bəlkə, müsbət hal müşahidə edib? Artıq "Feysbuk" səhifəm “partlayacaq”. Hər gün neqativ hallar ortaya çıxır”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O, qurumun fəaliyyətini tənqid edib: ““Azəriqaz” SOCAR-ın, ondan da üstdə kiminsə əlindən alınmalıdır. Ən əsası, indiki zamanda Azər Məmmədovun əlindən alınmalıdır, onun yeri səhv düşüb. Bəlkə, başqa bir sahədə istedadlıdır, müsbət cəhətləri var. Mən isə o müsbət cəhəti tapa bilmirəm, Azər Məmmədov haqqında şikayətçilərdən eşidirəm. İşdən çıxarılanlar deyirlər, Məmmədov əli ilə göstərir ki, şikayətləriniz bizlik deyil. Əlinə bir dəstə düzgün tərtib olunmamış fəxri fərmanı götürür, üç-dörd nəfərə bağışlayır. Guya Həmkarlar Təşkilatının üzvü olan şəxslərin fəal iştirakına görə... Fərmanda isə yazılır ki, “Həmkarlar Təşkilatında fəal iştirak etdiyinə görə” verilir. Adicə Fəxri Fərmanda da ədalətsizlik var. Çünki Həmkarlar Təşkilatı heç vaxt işçi hüquqlarını, kütləvi surətdə işdən çıxarılanları müdafiə etməyib. "Azəriqaz"ın binasında ardı-arası kəsilmədən rəhbər vəzifələr açır, işə başqa adamları qəbul edirlər. Aşağı kateqoriyalı işçilərin haqlarını müdafiə etməyən Həmkarlar Təşkilatı! Gördüyünüz kimi, Azər Məmmədov təyin ediləndən bəri müsbət cəhət sadalaya bilmədim. Əsas problemlərin səbəbi isə hasil edən və satan qurumların bir qurumda birləşməsidir. Bu isə mümkün deyil. "Azəriqaz" ləğv olunmalı, qazın satışı ilə məşğul olan ayrı-ayrı qurumlar yaradılmalıdır ki, kim daha yaxşıdır...”
Aytəkin Qardaşova