Mərkəzi banklar 2026-cı ilin birinci rübündə qızıl ehtiyatlarını son bir ildən çox müddətdə ən sürətli templə artırıblar. Qiymətlərin enməsi alış dalğasını stimullaşdırıb və bu, bəzi institusional investorların satışlarını daha çox kompensasiya edib.
Dünya Qızıl Şurasının (WGC) qiymətləndirməsinə görə, dövlət sektorunun xalis qızıl alışı üç ay ərzində 244 ton təşkil edib. Bu, əvvəlki rübdəki 208 tondan çoxdur. Ən böyük alıcılar Polşa, Özbəkistan və Çin olub, lakin bəzi alışlar açıqlanmayıb.
Bu il qızıl qiymətləri kəskin dalğalanıb: yanvarın sonunda rekord səviyyəyə çatdıqdan sonra martda ABŞ ilə İran arasında müharibə başlayandan sonra sürətlə ucuzlaşıb. Qiymətli metal üzərində təzyiq yaradan amillərdən biri enerji qiymətlərinin artması olub ki, bu da mərkəzi bankların faiz dərəcələrini sabit saxlayacağı və ya inflyasiyanı cilovlamaq üçün artıracağı gözləntilərini gücləndirib. Bu isə kupon və ya dividend gəliri gətirməyən qızıl üçün mənfi amildir.
Xalis yığımın kəskin artımı bəzi mərkəzi bankların aktivlərini azaltması fonunda xüsusilə diqqət çəkir.
Türkiyə, Rusiya və Azərbaycan digər kiçik bank və suveren fondlarla birlikdə bu dövrdə qızıl ehtiyatlarını təxminən 115 ton azaldıblar. Bu addımlar institusional investorların qızıla olan davamlı tələbi ilə bağlı narahatlıqları artırıb, halbuki bu tendensiya son illərdə qiymət artımının əsas faktorlarından biri idi.
Hər bir ölkənin satış üçün öz səbəbi olub: Türkiyə müharibənin təsirlərindən valyutasını və iqtisadiyyatını qorumağa çalışır, Rusiya artan büdcə kəsiri fonunda satış edib; Azərbaycan qızıl portfelində payı məqbul səviyyəyə qaytarıb.
Hesabatın dərcindən əvvəl qızılın spot qiyməti bir unsiya üçün təxminən 4600 dollar idi. 29 yanvarda qiymətlər təxminən 5600 dollarla rekord həddə çatmış, daha sonra martda 12% azalaraq 2008-ci ildən bəri ən böyük aylıq enişi göstərmişdi. Beynəlxalq Valyuta Fondu (BVF) statistikasında nəzərə alınmayan bir çox alış əməliyyatları açıqlanmır.