"Astmaların 60-80 faizi allergik astmaların payına düşür. Xüsusən bu allergiyalar uşaq yaşlarından başlayır. Hətta allergik riniti olan insanların da astma olma ehtimalı var, 30-40 faiz hallarda astma ilə ağırlaşa bilər".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirdi.
O nəzərə çatdırdı ki, tənəffüs sistemi burundan başlayır:
"Burun boşluğunda başlayan allergiya zamanında idarə olunmasa, müalicə edilməsə, təbii ki, aşağı tənəffüs yollarını da özünə cəlb edir və bu proses astma ilə nəticələnə bilir. Bunu necə ayırd edək, artıq bizdə bunun əlamətləri varmı? Tənəffüs pozğunluğu da qoşulubsa, artıq bu, bizim üçün bir işarədir ki, bronxlar da prosesə qoşulub. Əgər şikayətlərimiz sadəcə burunla bağlıdırsa (burun asqırması, burun tutulması, göz qaşınması, ara-sıra quru öskürək), allerqoloqa gedə bilərik. Yox əgər pilləkən çıxdığımız zaman təngənəfəslik, gecə yatanda sinədə səs, öskürəklərin sayının çoxluğu, sinədə ağırlıq hissi varsa, bu zaman yaxşı olar ki, pulmonoloqa müraciət edək. Çünki pulmonoloq bizdə spirometriya dediyimiz bir müayinəni istəyəcək ki, bu müayinə bronxların işləməsini daha dərindən yoxlayıb daha çox informasiya verə bilir. Hər iki əlamət varsa, hər iki həkimin qəbulunda olmaq daha məsləhətlidir. Çünki həm allergenin təyinində allerqoloqun rolu, həm də bronx və ağciyərlərin fəaliyyətinin təyinində pulmonoloqun rolu, sonrakı müalicə protokolunun izlənməsi üçün hər iki həkimin yardımı lazım olacaq".
NURİYYƏ