AZ

Gömrük beynəlxalq ticarətin aktiv iştirakçısına çevrilib Tahir Mirkişili

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müasir iqtisadiyyatda dövlət orqanlarının rolu ilə bağlı ciddi müzakirələr gedir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, müasir iqtisadiyyatda dövlət orqanlarının rolu ilə bağlı ciddi müzakirələr gedir və gömrük orqanları qarşısında seçim yaranıb: klassik nəzarətçi kimi qalmaq, yoxsa beynəlxalq ticarətin aktiv iştirakçısına çevrilmək. Onun sözlərinə görə, təqdim olunan dəyişikliklər ikinci yanaşmanın seçildiyini göstərir və bu, Azərbaycanın tranzit ölkə kimi, xüsusilə Orta Dəhlizdə rolu ilə bağlıdır.

O qeyd edib ki, dəyişikliklərə yalnız texniki yenilik kimi deyil, iqtisadi siyasətin mühüm istiqaməti kimi baxılmalıdır.

Tahir Mirkişili kameral və səyyar audit anlayışlarına da toxunaraq bildirib ki, bu proseslər sadəcə yoxlama kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, beynəlxalq praktikada bu yanaşma “post-clearance audit” (PCA) sistemi kimi tanınır və əsas məqsəd sahibkara əvvəlcədən etibar etmək, malların sürətli buraxılışını təmin etmək, eyni zamanda risk əsaslı nəzarəti sonradan həyata keçirməkdir.

Deputat vurğulayıb ki, bu modelin effektiv işləməsi üçün şəffaf və güclü risk idarəetmə sistemi qurulmalıdır. O, Dövlət Gömrük Komitəsinə sual ünvanlayaraq soruşub ki, sahibkarların hansı meyarlar əsasında kameral və ya səyyar auditə cəlb olunacağı necə müəyyənləşdiriləcək.

Bununla yanaşı, Mirkişili sahibkarlar üçün apellyasiya mexanizmlərinin mövcudluğu ilə bağlı da sual qaldırıb. O bildirib ki, bu proses yalnız məhkəmələrlə məhdudlaşmamalı, daha operativ və şəffaf mexanizmlər, o cümlədən elektron platformalar üzərindən həll imkanları da nəzərdən keçirilməlidir.

Deputat həmçinin qeyd edib ki, layihədə gömrük brokerləri üzrə lisenziyaların ləğvi və birbaşa, eləcə də dolayı təmsilçilik institutunun tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, lisenziya sistemi adətən peşəkarlıq və tələblərin təmin olunması üçün tətbiq edilir və onun ləğvi təmsilçilərin keyfiyyətinə təsir göstərə bilər.

Mirkişili əlavə edib ki, broker xidmətlərindən əsasən kiçik və orta sahibkarlar istifadə edir və təmsilçilərin səhvləri bu sahibkarlar üçün hüquqi məsuliyyət yarada bilər. Bu baxımdan, o, lisenziyaların ləğvinin peşəkarlıq səviyyəsinə mümkün təsirləri ilə bağlı məsələ qaldırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
modern.az

1Mənbələr