AZ

Memar: Layihələrdə qadın mütəxəssislərdən ibarət komandaların formalaşdırılması geniş yayılıb

Bakı, 29 aprel, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli”ndə memarlıq və inşaat sektorunda qadınların rolu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu il çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi də qadınlar üçün motivasiyaedici bir addım kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, qadınlar həm ailə həyatını, həm də peşə fəaliyyətini uğurla balanslaşdıraraq, digər sahələrdə olduğu kimi, memarlıq və inşaat sektorunda da bacarıqlarını daha geniş şəkildə nümayiş etdirəcəklər.

Bunu AZƏRTAC-a açıqlamasında memar Yeganə Abdullayeva deyib

O bildirib ki, 10-20 il bundan əvvəl qadınların bu sahədəki məqsədləri fərqli idisə, son dövrlərdə bu yanaşma əhəmiyyətli dərəcədə dəyişib: “Artıq qadınlar əvvəllər daha çox kişilərə aid hesab olunan inşaat sektorunda aktiv şəkildə iştirak edir və öz töhfələrini verməkdə davam edirlər. Onlar həm açıq, həm də qapalı məkanlarda kişilərlə bərabər çiyin-çiyinə fəaliyyət göstərə bilirlər. Qadınlar yalnız estetik baxımdan deyil, həm də funksional yanaşma, iqtisadi hesablamalar, məsələn, əmlakın gəlirliliyi və ya layihəyə çəkilən xərclərin planlaşdırılması kimi məsələlərdə də kifayət qədər güclüdürlər. Bu səbəbdən layihələrdə qadın mütəxəssislərdən ibarət komandaların formalaşdırılması artıq geniş yayılıb. Eyni zamanda, layihələndirmə, təmir və tikinti proseslərinin hər mərhələsində uğurla iştirak edir və yüksək nəticələr əldə edirlər”.

Qeyd edək ki, 2004-cü ildən memarlıq sektorunda fəaliyyət göstərən Yeganə Abdullayeva dizayn, rəssamlıq və memarlıq sahələrində üç fərqli təhsil alıb. Onun Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağda layihələri mövcuddur. Bununla yanaşı, bir sıra dövlət əhəmiyyətli layihələrdə də iştirak edib.

Müxbir - Günel Türksoy

 

Seçilən
40
1
azertag.az

2Mənbələr