AZ

Bazarda erkən çiyələk bolluğu Sağlamlıq üçün hansı riskləri var?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaz mövsümü təzə başlasa da, artıq bazarlarda yay meyvələrinin, xüsusilə çiyələyin satışı müşahidə olunur. Son günlər diqqət çəkən məqamlardan biri çiyələklərin qeyri-adi dərəcədə iri ölçüdə olmasıdır. Bu isə bəzi alıcılar arasında məhsulun təbii olub-olmaması ilə bağlı suallar yaradır. 

Bəs çiyələklərin bu qədər iri görünməsi hansı səbəblərlə izah olunur? Belə çiyələklər insan oqrqaniziminə hansı zərərlər verə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, meyvə və tərəvəzlər öz mövsümündə alınıb yeyilməlidir.

Onun sözlərinə görə, nəzərə alınsa ki, hazırda yaz fəslidir, çiyələyin mövsümü yaxınlaşır. Mövsümün ortasında və gec yetişən çiyələklər, o cümlədən məhdud sayda olan meşə çiyələkləri də mövcuddur.

 “Fermerlər tərəfindən dərmansız yetişdirilən çiyələklər var ki, onlar yalnız qismən gübrədən istifadə edirlər. Bu səbəbdən həmin məhsullarda nitrat qalıqları az olur və daha faydalı sayılır. Mövsümdən kənar və ya erkən dövrdə istixanalarda yetişdirilən çiyələklər isə adətən iri və parlaq olur. Bu cür çiyələkləri üstün tutmağı məsləhət görmürəm, lakin bu, onların zərərli olması demək deyil. Sadəcə, bu məhsulların yetişdirilməsi zamanı zərərvericilərə və yabanı otlara qarşı müxtəlif dərmanlardan istifadə olunur”, - deyə, ekspert bildirir. 

Ekspert qeyd edib ki, daha çox kiçik ölçülü və mövsümün ortasında yetişən çiyələklərə üstünlük verilməsi tövsiyə olunur: “Cır çiyələklər isə doyumluluqdan çox, dad keyfiyyəti ilə seçilir. Çiyələyi istifadə etməzdən əvvəl düzgün yumaq da vacibdir. Bunun üçün 5 litr suya 1 xörək qaşığı çay sodası əlavə edib çiyələkləri təxminən 10 dəqiqə həmin məhlulda saxlamaq məsləhətdir. Bu üsul müəyyən qalıqların təmizlənməsinə kömək edir. Daha sonra çiyələklər təmiz su ilə yuyulmalıdır”.

Ekspert sonda məsləhət görüb ki, allergiyası olan şəxslər və mədə xorası olanlar çiyələk istehlak edərkən ehtiyatlı olmalı, xüsusilə mövsümündən əvvəl yetişdirilmiş çiyələklərdən uzaq durmalıdırlar.

Oğuz Ayvaz

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
azpolitika.info

1Mənbələr