AZ

Qəbələ görüşləri Azərbaycanın diplomatik xəritəsində yeni strateji addımdır – ŞƏRH

Bakı, 29 aprel, AZƏRTAC

Qəbələ görüşləri bir daha göstərdi ki, Prezident İlham Əliyevin xarici siyasət kursu balanslı, müstəqil və praqmatik prinsiplərə əsaslanır. Bu siyasət Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Politoloq Aydın Tağıyev AZƏRTAC-a bildirib ki, Qəbələ görüşləri Azərbaycanın diplomatik xəritəsində yeni strateji mərkəzin formalaşdığını göstərir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həmkarı V.Zelenski və Baş nazir A.Babişlə Qəbələdəki görüşləri həm siyasi, həm də humanitar baxımdan Azərbaycanın balanslı xarici siyasət kursunu və artan vasitəçilik rolunu təsdiqləyir.

“Bu, Azərbaycanın regionda nüfuzunun artmasının bariz nümunəsidir. Suverenlik və beynəlxalq hüquq formatında Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda balanslı siyasətin real nümunəsidir. Çexiya ilə münasibətlər də demək olar ki, uğurlu diplomatik əlaqələr fonunda aparılır. Qəbələdə A.Babişlə keçirilən görüş Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, enerji və investisiya sahələrində əməkdaşlığın genişlənməsi baxımından çox əhəmiyyətlidir. Burada enerji təhlükəsizliyi və bu yöndə əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətlidir. Çexiya ilə enerji sahəsində də əməkdaşlıq müzakirə olunub və bu, mühüm əməkdaşlığa bir yol açır”, - deyə A.Tağıyev qeyd edib.

O bildirib ki, Qəbələ görüşləri Azərbaycanın balanslı, müstəqil və praqmatik xarici siyasət kursunun bariz nümunəsidir: “Keçirilən görüşlər göstərir ki, Azərbaycan artıq yalnız Bakı və Şuşa ilə deyil, Qəbələ ilə də regional diplomatik mərkəz rolunu oynayır. Bu, həm siyasi sabitlik, həm də humanitar əməkdaşlıq baxımından Azərbaycanın nüfuzunu artırır və ölkəni beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi möhkəmləndirir”.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr