AZ

Hava şəraiti imkan vermir ki, bu işlər vaxtında həyata keçirilsin

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Havadakı qəfil dəyişikliklər və kəskin temperatur fərqləri Azərbaycanın kənd təsərrüfatı sektorunu çətin sınaqla üz-üzə qoyub. Normadan artıq yağıntılar məhsuldarlığın aşağı düşməsinə səbəb olmaqla yanaşı, bazarda bir çox ərzaq məhsulunun qiymətinə də birbaşa təsir edir. Xüsusilə mövsümi tərəvəz və meyvələrdə bu təsir daha tez hiss olunur.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, yağışların yağması və havaların kəskin dəyişməsi kənd təsərrüfatındakı proseslərə ciddi təsir göstərir:“Aqrotexniki xidmətlərin göstərilməsi ləngiyir, çünki hava şəraiti imkan vermir ki, bu işlər vaxtında həyata keçirilsin. Yağmurlu hava göbələk və şirə xəstəliklərinin artmasına səbəb olur. Havadakı və yağışdan sonra yaranan rütubət bu xəstəlikləri daha da gücləndirir. Meyvə ağaclarında yarpaqqıvrılması və digər xəstəliklər müşahidə olunur. Bu isə fermerləri əlavə dərmanlama və gübrələmə işləri aparmağa məcbur edir. Bütün bu xərclər məhsulun maya dəyərinə əlavə olunur və məhsuldarlığa ciddi təsir göstərir. Bəzi ağaclar çiçəkləmə dövrünə düşsə də, mayalanma prosesi düzgün getməyib. Bu amillər həm məhsuldarlığı azaldır, həm də əlavə xərclərin artmasına səbəb olur”. O bildirib ki, nəticədə meyvələrin qiymətinin artması başadüşüləndir:“İstixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərin qiymətləri də yüksək olaraq qalır. Bunun səbəbi hava şəraiti ilə bağlıdır. Hazırda istixanalarda hələ də yanacaqdan istifadə olunur. Hava sərin olduqda məhsuldarlıq aşağı düşür. Bu da qiymətə birbaşa təsir edir. Ona görə də bazarlarda qiymətlər hələ yüksəkdir. Havalar yaxşılaşdıqca qiymətlərin tədricən tənzimlənəcəyi gözlənilir”.Qeyd edək ki, ən çox bahalaşma ehtimalı olan məhsullar sırasında ərik, alça, şaftalı və gilas kimi meyvələr yer alır. Bununla yanaşı, açıq sahədə yetişdirilən pomidor, xiyar və bibər kimi tərəvəzlərin də qiymətində artım müşahidə oluna bilər. Kartof və soğan kimi əsas ərzaq məhsullarında isə artım daha məhdud olsa da, tam istisna edilmir. Ümumilikdə, rütubətə həssas və mövsümi məhsulların qiymətində artım ehtimalı daha yüksəkdir.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr