AZ

“Qarabağ”dan getmək istəyənlər bu yola əl atır? - ŞOK İDDİA!

Haqqa girmək istəmirəm, amma son həftələrdə yaşananlardan sonra “Qarabağ”lı futbolçularla bağlı ağlımda sual yaranıb.

Mənə elə gəlir ki, oyunçular komandadan ayrılmağın yolunu tapıb.

Baş məşqçi Qurban Qurbanovun adı kimi xasiyyəti də hər kəsə məlumdur. İntizam tərəfdarıdır, rejimi sevəndir, artıq-əskik söhbətləri xoşlamır.

İndiyə qədər onu necə tanımışıqsa, bu gün də elədir, sabah da o cür davam edəcək.

Futbolçular baş məşqçinin xarakterinə bələd olduğu üçün komandadan ayrılmağın əsas yolunu intizamsızlıq etməkdə, dava-dalaşda iştirak etməkdə, vərəqə almaqda, gecə həyatını gözə soxmaqda görür.

Ötən mövsümü yadımıza salsaq, Yassin Benzia nümunəsi yada düşər.

Çempionatın gedişində keçmiş “Fənərbağça”lının mövsümün sonunda “köhlən atlar”ı tərk edəcəyi deyilirdi. Asiya ölkələrindən sərfəli təkliflər almışdı, Kadi Borgesin qayıdışından sonra gələcək taleyi sual altına düşmüşdü. Müqaviləsinin müddəti başa çatırdı deyə, getmək istəyirdi.

“Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la baş tutan oyunda dili-ağzı, əli-qolu dinc dayanmırdı. Rəqib həmkarı Karlos Jatoba ilə neçə dəfə kəllə-kəlləyə gələndən sonra kütləvi dava yaşandı. Hər iki komandanınm üzvləri bir-birinə əl-qol atmaqdan çəkinmədi.

Ölkə kubokunun final qarşılaşmasını yada salsaq, Benzia “Sabah”la matçıqırmızı vərəqə ilə başa vurmuş və “Qarabağ”dan getmişdi.

Elvin Cəfərquliyevin intizam və davranış baxımından əziyyət çəkməsi az qala bütün ölkəyə məlumdur.

Mükafatlandırma mərasimlərində yol verdiyi artıq hərəkətlər, əlinə miktofon düşəndə səsləndirdiyi bayağı sözlər, hakimə tərəf tüpürməsi, qırmızı vərəqələr və sair.

QƏn pis dönəmlərində Qurban Qurbanov ona sahiblənib təzyiqlərdən qorumağı bacardı.

Elə etdi ki, Elvin itib-batmasın, dilə-ağıza düşməsin. Cəfərquliyev ən çətin dönəmi adlayıb daha şüurlu dönəmə qədəm qoyduğu vaxtda intizam qaydalarını pozmaqla diqqət çəkirsə, deməli, məqsədi getməkdir, başqa mühitdə yaşamaq, oynamaqdır.

Marko Yankoviçin daha çox pul qazanmaq həvəsində olduğu payızdan bəllidir. Monteneqro millisinin üzvünün adı oktyabrdan bu yana müxtəlif klublarla yanaşı hallanıb. Ayrılıqda maraqlı olduğunu son aylardakı oyunundan hiss etmək çətin deyil.

“Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Yayda Markonu istəyən klubun Ağdam təmsilçisinin tələb edəcəyi transfer pulunu ödəyib-ödəməyəcəyini zaman göstərəcək.

Sakit təbiəti ilə tanınan Yankoviçin mövsümün sonuna yaxın - “Sabah”la oyunda özünə əl qatması, hətta hakimlə təkbətək söhbətə can atması sıradan fakta oxşamır. Onu hansı cəzanın gözlədiyini bilə-bilə özünü odun altına atırsa, deməli, bunu karyerasındakı yaxın gələcəyi göz önünə alıb, edir.

Təkrar edirəm, kiminsə haqqına gormək niyyətim yoxdur. Amma son 1 ildəki hadisələri yanaşı qoyanda , mövcud durumu və adlara diqqət yetirəndə başqa ehtimal düşünmək olmur.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
57
sportinfo.az

1Mənbələr