AZ

"Avropa İttifaqı daha nəyi gözləyir?" -Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriyaya səfəri çərçivəsində bu ölkənin federal Avropa və beynəlxalq işlər naziri Beate Maynl-Rayzinger ilə birgə mətbuat konfransı keçirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, nazir çıxışında regional təhlükəsizlik və Türkiyə-Aİ münasibətlərinə toxunub.

İsrail-İran gərginliyini dəyərləndirən Fidan yaxın günlərin mövqelərin dəqiqləşməsi baxımından kritik olduğunu vurğulayıb: "Hər iki tərəfin daimi atəşkəs və sülhə nail olmaq, həmçinin Hörmüz boğazını açmaq niyyəti ilə hərəkət etməsi olduqca vacibdir. Bu məsələdə pakistanlı qardaşlarımızın məharətinə güvənirəm, bizim də dəstəyimiz davam edəcək".

Türkiyənin Aİ-yə üzvlük prosesindən danışan nazir, rəsmi Ankara üçün şərtlərin yerinə yetirilməsinin problem olmadığını, lakin ittifaq daxilində siyasi istəyin çatışmadığını qeyd edib:

“Rusiya-Ukrayna müharibəsində Türkiyənin oynadığı rolu nəzərə alsaq, Avropa İttifaqı daha nəyi gözləyir? Türkiyənin təqdim edə biləcəyi geostrateji və geo-iqtisadi faydalar ortada ikən, bu üzvlük niyə reallaşmır? Problem ondadır ki, Aİ-də 'şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyənin üzvlüyünü qəbul edirik' deyəcək bir siyasi iradə yoxdur”.

Fidan əlavə edib ki, bu siyasi iradə 2007-ci ildə Nikola Sarkozi tərəfindən "öldürülüb". O, Şröder və Şirak dövründə mövcud olan müsbət yanaşmanın sonradan ortadan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə, münasibətlərin xarakterindən asılı olmayaraq, baş verən qlobal hadisələr tərəfləri birlikdə işləməyə məcbur edir.

Xədicə BAXIŞLI

Seçilən
59
1
redaktor.az

2Mənbələr