
Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin 9 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məlumata görə, iki məktəbli arasında yaranan mübahisə qısa müddətdə qanlı qarşıdurmaya çevrilib. Mübahisə zamanı tərəflərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü A.S (ad şərtidir) kəsici-deşici alətlə yetirilən xəsarətlə dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsi nəticəsində yaralıya ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin stabil olduğu bildirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Hadisənin baş vermə səbəbləri və məktəbdə təhlükəsizlik tədbirlərinin vəziyyəti polis əməkdaşları tərəfindən araşdırılır.