AZ

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın həm geniş islam coğrafiyasında, həm də Avropa İttifaqı məkanında çoxlu sayda strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələr var. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Çex Respublikasıdır.

Milli Məclisin deputatı Pərvin Kərimzadə qəzetimizə açıqlamasında bildirib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri inkişaf edən qarşılıqlı əlaqələrin göstəricisidir. Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevlə Baş nazir Andrey Babişin görüşündə bu və digər məsələlərlə bağlı önəmli müzakirələr aparılıb. 

Deputat xatırladıb ki, Çex Respublikası Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulub: "Münasibətlərin yüksələn xətlə inkişafına dövlət başçılarının səfərləri güclü impuls verir. İndiyədək Azərbaycan Prezidentinin Çexiyaya 5 səfəri baş tutub. Sonuncu səfər 6-7 oktyabr 2022-ci il tarixlərində olub. Öz növbəsində Çexiya prezidentləri Azərbaycana iki dəfə rəsmi səfər ediblər. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci ildə reallaşdırılıb. Bundan başqa, hər iki ölkənin digər yüksəksəviyyəli rəsmilərinin də tez-tez qarşılıqlı səfərləri baş tutur. Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu, həmçinin Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi qrupu fəaliyyət göstərir". 

P.Kərimzadənin fikrincə, Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın etibarlı  olduğunu göstərir.  

Deputat qeyd edib ki, Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır: "Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsində güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir. Hazırda dünyada izlənilən geosiyasi proseslər fonunda Cənubi Qafqaza maraq əhəmiyyətli dərəcədə artıb ki, bu da təsadüfi deyil. Xüsusilə də Yaxın Şərqdə və Şərqi Avropada müharibələrin alovlanması, Şimal marşrutlarından, Hörmüz boğazından keçidlərin təhlükəli hal alması, sabit məkan kimi Cənubi Qafqazı diqqət mərkəzinə gətirib. Buradan keçən Orta dəhlizin funksionallığının getdikcə artması bunu əyani şəkildə təsdiqləyir. Mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan regionda proseslərin əsas aktoru qismində çıxış edir. Ölkəmiz uzunmüddətli sabitliyə, nümunəvi təhlükəsizlik mühitinə malikdir. Böyük investisiya qoyuluşu hesabına yaradılan yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu, qonşularla yaxşı münasibətlər tranzit daşımaları üçün ideal şəraiti təmin edir. Prezident İlham Əliyevin dediyi kimi, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur". 

P.Kərimzadə deyib ki, bunu Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Çexiyanın Baş naziri Andrey Babiş də Azərbaycanı ölkəsinin strateji tərəfdaşı adlandırıb. 

"Regionda müşahidə edilən diplomatik fəallıq fonunda dünya ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar respublikamıza böyük maraq göstərirlər. Son vaxtlarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir. Andrey Babişin respublikamıza səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur", - deyə deputat əlavə edib.

P.Kərimzadə bildirib ki, qarşılıqlı münasibətləri strateji tərəfdaşlığın ruhuna uyğun şəkildə inkişaf etdirməkdə maraqlı olan Azərbaycanla Çexiya beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı çərçivəsində də sıx əməkdaşlıq edirlər. Çexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verib. Bu ölkənin Baş nazirinin Azərbaycana rəsmi səfəri isə qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
7
3
azerbaijan-news.az

6Mənbələr