AZ

Avropada qaz qiymətləri kəskin bahalaşdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ ilə İran arasında davam edən gərginlik və Hörmüz boğazının bağlanmasının davam etməsi fonunda Avropada qaz qiymətləri təxminən 9 faiz artıb.

Banco.az xəbər verir ki, Hollandiyada yerləşən virtual qaz ticarət platforması və Avropanın ən dərin bazarlarından biri olan TTF-də may ayı qaz fyuçersləri dünən meqavatt-saat üçün 43,59 avro ilə bağlanıb.

Bu gün  qiymətlər təxminən 9 faiz artaraq meqavat/saat üçün 47,50 avroya çatıb.

Bazarlarda ABŞ ilə İran arasında gərginliyin azaldılmasında aydın irəliləyişin olmaması və Hörmüz boğazında normal enerji axınlarına qayıtmaqla bağlı qeyri-müəyyənliklər qiymətlərin yüksəlməsinə dəstək verib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Vaşinqton administrasiyası İrana qarşı təzyiqi artırmağı, xüsusən də neft ixracını məhdudlaşdırmağı və onun limanlarına dəniz nəqliyyatını məhdudlaşdırmağı planlaşdırır. Bu yanaşma genişmiqyaslı hərbi əməliyyatlarla müqayisədə daha az riskli, lakin uzunmüddətli təzyiq taktikası kimi qəbul edilir.

Tərəflər arasında müvəqqəti atəşkəs əldə olunsa da, bölgədə gərginliyin yüksək olaraq qaldığı və davamlı həll yolunda konkret irəliləyişin əldə edilmədiyi vurğulanır.

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında davam edən de-fakto məhdudiyyətlər enerji təchizatı üçün riskləri artırır və qiymətlərə yuxarı təzyiq göstərir.

Analitiklər bildirirlər ki, bu qeyri-müəyyənliklər, xüsusən də LNG-dən asılı olan Avropa bazarında təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır və qiymətlərin müharibədən əvvəlki səviyyələrdən yuxarı qalmasının səbəbi də məhz budur.

Seçilən
50
1
banco.az

2Mənbələr