AZ

Deputat KEŞLƏDƏKİ EVLƏRDƏN DANIŞDI: “Məmurları təkcə vəzifədən azad etmə kifayət etmir, hüquqi məsuliyyət məsələsi araşdırılmalıdır”

“Keşlə ərazisində fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı İlham Əliyev tərəfindən sakinlərə yardım göstərilməsi barədə verilən sərəncam bir daha sübut edır ki, sosial məsələlərdə dövlət vətəndaşın yanındadır. Belə ki, dövlət başçısının imzası ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına sel və daşqınların yaratdığı fəsadlar aradan qaldırılacaq, vətəndaşların evlərinə dəymiş ziyan bərpa olunacaq. Bu, dövlət siyasətinin təməlində vətəndaş rifahının dayandığını bir daha təsdiqləyir. Bununla yanaşı, sel və daşqın zamanı çətin sosial vəziyyətin yaranmasının kökündə dayanan səbəblərin də araşdırılması vacibdir. Çünki bu kimi hallar paralel olaraq bir sıra sistemli problemləri də üzə çıxarır. Əsas müzakirə mövzularından biri bu tip yaşayış evlərinin niyə məcburi qaydada sığortalanmamasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

 

Deputat bildirib ki, daşınmaz əmlakın icbari sığortası real və effektiv şəkildə tətbiq olunsa, fövqəladə hallar zamanı zərərin əhəmiyyətli hissəsi sığorta mexanizmləri hesabına qarşılanar və dövlət büdcəsinə düşən yük xeyli azalardı: “Hazırda qanunvericilikdə icbari sığorta nəzərdə tutulsa da, onun icrası və nəzarət mexanizmləri kifayət qədər effektiv deyil. Digər tərəfdən, bir çox evlərin mülkiyyət sənədlərinin olmaması icbari sığorta mexanizminin işləməsini çətinləşdirir. Bu baxımdan, baş vermiş hadisə vətəndaşların yaşadıqları evlərə mülkiyyət sənədlərinin verilməsi prosesinin sürətləndirilməsinin vacibliyini bir daha aktuallaşdırır. Çünki mülkiyyəti təsdiqlənməmiş yaşayış yerinin sığortalanması praktiki baxımdan mümkün olmur”.

 

Azər Badamov deyib ki, digər mühüm məsələ  vaxtilə bu evlərin tikintisinə şərait yaradan və ya buna göz yuman məmurların məsuliyyətidir: “Bu kimi hallarda təkcə vəzifədən azad etmə kifayət etmir, həm də hüquqi məsuliyyət məsələsi araşdırılmalı və lazımi tədbirlər görülməlidir. Eyni zamanda sual doğuran məqamlardan biri də odur ki, qanunsuz və ya “makler” evlərə necə kommunal xidmətlər – elektrik, qaz və su xətləri çəkilib. Bu, keçmiş dövrlərdə nəzarət mexanizmlərində müəyyən boşluqların mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, hazırda qanunvericilikdə bu sahədə tələblər daha da sərtləşdirilib. Artıq istər maklerlər, istərsə də ayrı-ayrı vətəndaşlar qanunsuz torpaq sahələrində tikinti apararaq həmin obyektləri kommunal xətlərə qoşa bilməzlər. Bunun üçün həm torpaq sahəsinin qanuni şəkildə rəsmiləşdirilməsi, həm də tikintinin müvafiq norma və standartlara uyğun aparılması zəruridir. Bu baxımdan, təbii fəlakət nəticəsində zərər görmüş tikililərin əksəriyyətinin son illərdə deyil, daha əvvəlki dövrlərdə inşa olunduğu da nəzərə alınmalıdır. Baş vermiş hadisə bir daha göstərir ki, tikinti sahəsində qabaqlayıcı tədbirlərin gücləndirilməsi zəruridir. Xüsusilə, tikintiyə nəzarətin artırılması, icbari sığorta sisteminin effektiv tətbiqi, məsul şəxslərin hüquqi cavabdehliyə cəlb olunması və kommunal xidmətlərin verilməsində şəffaf, ciddi yoxlama mexanizmlərinin qurulması vacibdir. Bu yanaşma həm vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edər, həm də gələcəkdə dövlət büdcəsinə düşə biləcək əlavə maliyyə yükünü minimuma endirər".

 

Aytəkin Qardaşova

Tarix: 30 Aprel 2026, 10:20   
Seçilən
40
pravda.az

1Mənbələr