AZ

Azərbaycanın turizm potensiyalı Meksikada “Tianguis” sərgisində nümayiş olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Mexiko, 30 aprel, AZƏRTAC

Meksikanın Turizm Nazirliyi və Gerrero ştatı hökumətinin birgə təşkilatçılığı ilə Akapulkoda “Tianguis Meksika Turizm Sərgisi-2026” sərgisində ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) icraçı direktoru Florian Zenqstşmidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Meksikanın Turizm Nazirliyinin İnnovasiya, Dayanıqlılıq və Peşəkarlığın Artırılması idarəsinin rəhbəri Migel Aginyiqa Rodrigez və Turizm Assosiasiyalarının Meksika Federasiyasının xarici əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arno Avila ilə görüşlər keçirib. Görüşlərdə turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib və gələcəkdə əlaqələrin inkişaf etdirilməsi üçün təmasların davam etdirilməsi qərara alınıb. Meksika tərəfi Azərbaycanı noyabrın 10-dan 12-dək Xalisko ştatının Qvadalaxara şəhərində keçiriləcək ITB Amerika sərgisində iştiraka dəvət edib.

Sərgi çərçivəsində Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyası tərəfindən təşkil edilmiş “Bir şəhər, bir yemək, bir hekayə” tədbirində Azərbaycan Turizm Bürosunun Avropa üzrə regional meneceri Azər Abasəliyev ölkəmizin turizm potensialı haqqında məlumat verib.

Xüsusilə Bakı şəhərinin İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, həmçinin yeni memarlıq nümunələri – Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, eləcə də turistlər üçün xüsusi maraq kəsb edən Qobustan və Atəşgah haqqında ətraflı məlumat verilib. Təqdimatda həmçinin Şəki Xan Sarayı və Xınalıqdan da danışılıb.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, eləcə də mayın 17-22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş, Bakı şəhərində qədimlik və müasirliyin sintezini əks etdirən fotolar, milli suvenirlər, şirniyyat nümunələri, o cümlədən Azərbaycanın turizm potensialı, habelə ölkəmizdə keçiriləcək WUF13 ilə bağlı təşviqat materiallarının nümayiş etdirildiyi guşə qonaqlara təqdim olunub. Azərbaycan guşəsi iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, “Tianguis” turizm sərgisi Meksikanın turizm imkanlarının həm yerli, həm də xarici iştirakçılar arasında təqdimatı üçün platforma rolunu oynayır və ölkənin turizm sektorunda ən əhəmiyyətli tədbirlərdən biri sayılır. Bu il sərginin 50-ci buraxılışında 90-dan çox ölkədən 2500-ə yaxın iştirakçı qatılıb və sərginin əhatə dairəsi genişləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
azertag.az

2Mənbələr