Niderland yüksək liqasında (Erediviziya) azı 133 matçın nəticəsinin futbolçuların qeydiyyatındakı ciddi səhv səbəbindən etibarsız sayılması təhlükəsi yaranıb.
Msport.az xəbər verir ki, buna səbəb oyunlarda iştirak edən bəzi futbolçuların zəruri sənədlərə malik olmamasıdır.
Liqada çıxış edən çox sayda oyunçu beynəlxalq arenada müvafiq yığmaların şərəfini qorumaq üçün İndoneziya, Surinam və ya Kabo-Verde kimi ölkələrin ikinci vətəndaşlığını qəbul edib.
Lakin Niderland qanunlarına görə, bu halda həmin şəxslər avtomatik olaraq Avropa ölkəsinin vətəndaşlığını itirirlər. Belə olan təqdirdə, onlar Niderlandda peşəkar fəaliyyətlərini davam etdirmək üçün mütləq şəkildə iş icazəsi sənədi rəsmiləşdirməli idilər.
Məlum olub ki, bu qayda pozuntusuna bir neçə il ərzində diqqət yetirilməyib. Yalnız bu ilin yazında “NAK Breda” futbol komandası hüquqi pozuntunu aşkar edərək qarşılaşmalardan birinin yenidən keçirilməsini tələb edib.