AZ

Qazaxıstan və Azərbaycan “TourAn” birgə turizm şirkətini təsis edib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Qazaxıstanla Azərbaycan arasında turizm sahəsinə dair əməkdaşlıq üzrə memorandum imzalanıb.

525.az xəbər verir ki, memorandum “Discover Jetisu” (Qazaxıstan) və “Smile Azerbaijan Tour” MMC (Azərbaycan) şirkətləri tərəfindən birgə Qazaxıstan–Azərbaycan tur operatoru olan “TourAn”ın təsis edilməsi məqsədini daşıyır.

Səfirlikdə baş tutan mərasimdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayev bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq çox yaxşı inkişaf edir. Turizm sahəsinin inkişafı da prioritet istiqamətlərdən biridir:

“Ümid edirik ki, birgə tur operatorun yaradılması bu sahənin daha da inkişafına əlavə dəstək verəcək. Bu sənəd ikitərəfli əməkdaşlığın gücləndirilməsinə, turizm axınının artırılmasına, investisiya və mədəni cəlbediciliyin yüksəldilməsinə öz töhfəsini verəcək”. 

Səfir deyib ki, son illər qarşılıqlı turizm mübadiləsində pozitiv dinamika özünü göstərir.  

“Discover Jetisu” MMC 2012-ci ildə təsis edilib, rəhbəri Aleksandr Aknazarovdur. Şirkət daxili turizm bazarının aparıcı iştirakçılarından biridir və Qazaxıstan Bələdçilər Assosiasiyasının (“SRO KazGuide”) həmtəsisçilərindən sayılır. Eyni zamanda, Azərbaycana yönəlmiş istirahət və işgüzar səfərlərin təşkili üzrə ixtisaslaşaraq, xarici turizm istiqamətini fəal şəkildə inkişaf etdirir.

Aknazor bildirib ki, yaradılacaq tur operatorunun nizamnamə kapitalı 100 min ABŞ dolları təşkil edəcək (tərəflərin hər biri üzrə 50%). Şirkətin fəaliyyəti turizm xidmətlərinin tam spektrini əhatə edəcək və ekoturizm, mədəni turlar, qastronomiya, müalicə turizmi və digər istiqamətləri özündə birləşdirəcəkdir. Qeyd etmək lazımdır ki, “TourAn” bu sahədə Qazaxıstan və Azərbaycan arasında ilk birgə özəl şirkət olacaqdır.

O da vurğulanıb ki, Qazaxıstan və Azərbaycan arasında vahid tur operatorunun yaradılması regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına müsbət təsir göstərəcəkdir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
525.az

1Mənbələr