Aprel ayında Avrozonada inflyasiya səviyyəsi 3 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi enerji qiymətlərinin artması fonunda 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatında deyilir.
Mart ayında 2,6 faiz olan inflyasiya səviyyəsi apreldə 3 faizə yüksəlib. Bazar proqnozları da inflyasiyanın 3 faiz olacağı istiqamətində idi.
Bildirilir ki, aprel ayında inflyasiyanın əsas komponentlərinə baxdıqda, ən yüksək illik qiymət artımı 10,9 faizlə enerji məhsullarında olub. Xidmətlər sektorunda qiymətlər 3 faiz, qida, spirtli içki və tütün məhsullarında 2,5 faiz, sənaye məhsullarında isə 0,8 faiz artıb.
Birinci rübdə Avrozona iqtisadiyyatı əvvəlki rüblə nisbətdə 0,1 faiz, illlik müqayisədə isə 0,8 faiz artıb.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının Avrozonada inflyasiya hədəfi 2 faizdir.