AZ

Məhkəmə “Bank sirri”ni pozan bankı cərimələdi  

Nərimanov Rayon Məhkəməsində bank sektorunda illərdir müzakirə edilən, amma praktikada tez-tez pozulan “bank sirri” ilə bağlı qərar verilib.

Məhkəmə bankın müştərinin razılığı olmadan onun gecikmiş kredit borcu barədə məlumatları üçüncü şəxslərə – konkret olaraq qohumlarına ötürməsini qanun pozuntusu kimi qiymətləndirib və iddianı təmin edib.

Musavat.com xəbər verir ki, qətnaməyə əsasən, bank müştəriyə mənəvi zərərə görə kompensasiya ödəməlidir. İş materiallarına görə, müştərinin kredit öhdəliyinin gecikməsi ilə bağlı məlumatlar bank əməkdaşları tərəfindən onun yaxınlarına telefon zəngi vasitəsilə çatdırılıb. Bu isə müştərinin razılığı olmadan həyata keçirilib. Məhkəmə iddianı araşdırıb və belə məlumatların təkcə bank sirri deyil, həm də şəxsi həyatın toxunulmazlığı ilə bağlı konstitusion hüququn tərkib hissəsi olduğunu qeyd edib. Yəni borcun olması belə, üçüncü şəxslərə açıqlanacaq ictimai məlumat deyil. Bankların problemli kreditlər üzrə bəzən tətbiq etdiyi bu praktika – qohumlara, iş yerinə və ya yaxın çevrəyə zənglər hüquqşünaslar tərəfindən uzun müddətdir tənqid edilir.

Çünki bu üsul borclunun reputasiyasına birbaşa təsir göstərir və faktiki olaraq sosial təzyiq vasitəsinə çevrilir. Məhkəmə də məhz bu məqamı əsas götürərək bildirib ki, borcun yığılması üçün istifadə edilən metodlar qanunun sərhədlərini aşmamalıdır. Qərar bir daha göstərir ki, bank sirri yalnız hesab nömrəsi və maliyyə əməliyyatları ilə məhdudlaşmır.

Müştərinin bankla münasibətləri, o cümlədən kredit öhdəlikləri barədə məlumatlar da qorunan məlumat kateqoriyasına daxildir. Bu məlumatların icazəsiz yayılması bank sirrinin pozulmasından savayı şəxsi həyatın toxunulmazlığı və nəticə etibarilə mənəvi zərər məsuliyyəti yaradır. Məhkəmənin bu qərarı bank sektoruna açıq mesaj kimidir. Borcun yığılması hüquqi çərçivədə həyata keçirilməlidir, ictimai və ailəvi təzyiq mexanizmlərinə çevrilməməlidir. Əks halda, maliyyə intizamı adı altında edilən hər zəng, hər açıqlama hüquqi məsuliyyət doğurur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr