Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan intensiv yağıntılar və sel hadisələri bir daha göstərdi ki, təbii fəlakətlərə qarşı operativ və sistemli müdaxilə xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin sel və daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı imzaladığı sərəncam dövlətin sosial yönümlü siyasətinin və çevik idarəetmə modelinin növbəti təzahürü kimi qiymətləndirilir.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov qeyd edib ki, məlum sərəncama əsasən Prezidentin ehtiyat fondundan ümumilikdə 85,8 milyon manat vəsait ayrılıb. Bu vəsait son dövrlərdə yağan güclü yağışlar nəticəsində yaranmış sel və daşqınların fəsadlarının aradan qaldırılmasına yönəldilib. Xüsusilə bəzi bölgələrdə, o cümlədən Bakının qəsəbələrində yaşayış ərazilərinin su altında qalması, yolların yararsız vəziyyətə düşməsi, elektrik şəbəkələrinə ciddi ziyan dəyməsi vəziyyətin operativ həllini zəruri edib.
Ç.İsmayılov xatırladıb ki, ayrılmış vəsait müvafiq qurumlar - Dövlət Su Ehtiyatları Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC və Fövqəladə Hallar Nazirliyi arasında bölüşdürülərək konkret istiqamətlər üzrə istifadə olunacaq. Bu çərçivədə su basmış ərazilərin bərpası, yolların təmiri, enerji təchizatının yenidən qurulması, eləcə də zərər çəkmiş əhaliyə maddi dəstəyin göstərilməsi nəzərdə tutulur. Bütün bunlar, şübhəsiz ki, vətəndaşların üzləşdiyi çətinliklərin qısa müddətdə aradan qaldırılmasına xidmət edir.
Ekspert qeyd edib ki, ümumilikdə, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır:
“Ötən illərdə Zaqatala bölgəsində baş vermiş təbii hadisələr, eləcə də Şamaxı zəlzələsindən sonra görülən genişmiqyaslı bərpa-quruculuq işləri bunu bir daha sübut edir.Qısa müddətdə yeni yaşayış evlərinin inşası, yolların və kommunikasiya xətlərinin bərpası, su təsərrüfatı infrastrukturunun yenilənməsi dövlətin bu sahədə sistemli yanaşmasını nümayiş etdirir.
Bütün bunlar göstərir ki, ölkə ərazisinin istənilən nöqtəsində baş verən təbii fəlakətlər zamanı dövlət dərhal hərəkətə keçir, məqsədyönlü tədbirlər planı hazırlanır və vətəndaşların üzləşdiyi problemlərin operativ həlli təmin olunur. Məhz bu yanaşma nəticəsində cəmiyyət tərəfindən də bu addımlar müsbət qarşılanır və dövlət-vətəndaş həmrəyliyi daha da güclənir”.