AZ

“İlk dəfədir ki, bu günü onsuz qeyd edirik,” – Xalq artistinin oğlu

“İlk dəfədir ki, 30 apreli biz atamsız keçiririk. Bizim üçün bu barədə danışmaq ağırdır. Biz həmişə bu tarixdə ailəlikcə yığışıb onu təbrik edirdik. O, həmişə ailə əhatəsində olmağı xoşlayan bir insan idi”.

Bunu Musavat.com-a açıqlamasında mərhum xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, əməkdar artist Əyyub Quliyev atasının anım günündən danışarkən deyib. O bildirib ki, atası övladlarına bağlı olub:

“İnsan kimi mərd, çox təmiz idi. İdeal və meyarlarla yaşayırdı. Son günə qədər bizə dəstək olub. Onun nəvələrinə xüsusi isti bir sevgisi var idi. Həmişə onları soruşurdu. Bəzən şikayət edirdi ki, gəlmirsiniz. Mən sizi, nəvələrimi görmürəm. Bilirsiniz ki, yaradıcılıq fəaliyyətimizlə əlaqədar tez-tez görüşə bilmirdik. Amma doğum günləri bizim üçün özəl idi. Onun başına yığışıb söhbətlər edirdik. Tar hər zaman onun söhbətində aktual olardı. Sənətinə, yaradıcılığına çox bağlı idi”.

əyyub.jpeg
Ə. Quliyev bildirir ki, atası son gününə qədər yaradıcılıqla məşğul olub:

“Onun saysız, hesabsız kitabları, dərslikləri, musiqi məcmuələri var. Sonuncu dəfə isə atam mənimlə birgə ifa etdiyi əsərləri notlaşdırmışdı. Azərbaycan və xarici bəstəkarların işləmələri idi. Son gününə qədər Azərbaycan mədəniyyətinə sədaqətlə xidmət etdi.
Atam çox xoşbəxt adam idi ki, Qarabağın azad olunmasını görə bildi. Mən onun Ağdama, doğulub, boya başa çatdığı kəndə səfəri zamanı necə sevindiyinin şahidi olmuşdum. Vəfatından bir neçə ay öncə Ağdamda muğam mərkəzinin binasının açılışında iştirak etmişdi. Onun gözündəki xoşbəxtliyi görərdiniz. Muğam onun həyatında xüsusi rol oynayırdı.
Onun saysız hesabsız tələbələri bu gün yolunu davam etdirir. Tələbələri ilə öz övladları kimi fəxr edirdi. Atamın ruhu bu gün şaddır. Anım günündə şərəfinə Dövlət Filarmoniyasında təntənəli mərasim keçirilir. Tanınmış kollektivlər, ifaçılar toplaşıb”.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
39
musavat.com

10Mənbələr