AZ

822 saylı qətnamə: Kağız üzərində qalan hüquqdan real qələbəyə təminat

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün 30 aprel tarixində, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edilməsindən 33 il ötür. 1993-cü ildə Kəlbəcərin işğalından dərhal sonra qəbul olunan bu sənəd, beynəlxalq birliyin Ermənistanın təcavüzkar siyasətinə verdiyi ilk rəsmi hüquqi reaksiya idi.

Qətnamə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanısa da, beynəlxalq mexanizmlərin və ikili standartların kölgəsində qalaraq 27 il ərzində icra olunmamış qaldı. Bu tarixi sənəd yalnız 2020-ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar və Ali Baş Komandanın qətiyyəti sayəsində kağız üzərindən real həyata köçürüldü. Bugünki tarix bizə xatırladır ki, hüquqi sənədlər yalnız güclü dövlət və qüdrətli ordu faktoru ilə birləşdikdə tarixi ədaləti tam bərpa edə bilir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, BMT Nizamnaməsinə görə, beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmin olunmasına məsuliyyət daşıyan yeganə səlahiyyətli qurum Təhlükəsizlik Şurasıdır.

Bu ali orqanın qətnamələri əgər Nizamnamənin yeddinci fəsli üzrə qəbul olunarsa, dərhal icra mexanizmlərini işə salır və beynəlxalq birlik tərəfindən implementasiyası təmin edilir. Bununla belə yeddinci fəsil altında qəbul olunmayan, lakin BMT Nizamnaməsinin 2-ci və 25-ci maddələrinə əsasən üzv dövlətlər üçün hüquqi məcburiyyət daşıyan qətnamələrin birbaşa icra mexanizmi yoxdur.

Deputatın fikrincə, 1993-cü ildə Kəlbəcərin işğalından sonra qəbul olunan qətnamə və sonrakı digər qətnamələrin icrasının ikili standartlar və müxtəlif geosiyasi faktorlar səbəbindən uzun illər kağız üzərində qalmasına səbəb oldu.

Rizvan Nəbiyev qeyd edib ki, buna baxmayaraq, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq hüququn fundamental prinsiplərini əsas götürərərək hərbi və siyasi diplomatik vasitələrlə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2020-ci il hərbi əməliyyatlarının hüquqi bazasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edirdi. Həmin sənədlər birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımaqla bərabər, işğal olunmuş ərazilərin dərhal, tam və qeyd-şərtsiz azad olunmasını, qaçqınların öz yurdlarına qayıtmasını tələb edirdi. Azərbaycan Respublikası bu qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu əsas götürərək, beynəlxalq hüququn normaları çərçivəsində öz suverenliyini bərpa etdi.

“Bu qətnamələrlə bağlı beynəlxalq hüquq üzrə tanınmış alman professor Hans-Yoaxim Hayntsenin şərhi xüsusilə əhəmiyyətlidir. Professor hələ İkinci Qarabağ müharibəsindən bir qədər əvvəl yazmışdı ki, qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq, bu qətnamələr öz hüquqi qüvvəsini tam saxlayır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün fundamental hüquqi baza təşkil edir. Hayntse vurğulayırdı ki, 822 saylı qətnamədəki "recent occupied territories" (yaxın müddətdə işğal olunmuş ərazilər) ifadəsi həm də Kəlbəcərdən dərhal əvvəl işğal edilmiş Şuşa və Laçının azad olunmasını hüquqi tətbiq dairəsinə salır”-deyə deputat bildirib.

Rizvan Nəbiyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında qətnamə qəbulunun daimi üzvlər arasında siyasi kompromis tələb edən çətin bir prosesdir. Beynəlxalq nizam davamlı və dayanıqlı olmaq üçün mütləq hüquqi əsaslara söykənməlidir: “Son hadisələr sübut edir ki, hər bir müharibənin ən qızğın mərhələsindən sonra da diplomatik masa arxasında danışıqlar qaçılmazdır. Həmin həll variantlarının əsasında isə beynəlxalq hüququn prinsipləri və Təhlükəsizlik Şurasının qətnamələri dayandıqda, məsələlərin həlli həm daha sadə, həm də daha ədalətli formada təmin olunur. Azərbaycanın bu təcrübəsi beynəlxalq hüququn gücünün nə qədər vacib olduğunu bir daha təsdiqləyir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr