Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı ilin dövlət büdcəsindən Prezidentin ehtiyat fondundan ümumilikdə 85,8 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsait Bakı şəhərində və bölgələrdə leysan yağışları nəticəsində yaranmış ziyanın aradan qaldırılması, infrastrukturun bərpası və gələcəkdə oxşar halların qarşısının alınması üçün istifadə olunacaq. Ayrılan vəsait müxtəlif qurumlar - Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Su Ehtiyatları Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi və “Azərişıq” ASC arasında bölüşdürülüb.
Redaktor.az Sərəncama uyğun görüləcək işlərlə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanlayıb.
Qurumdan bildirildi ki, müvafiq tapşırığa əsasən, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə respublika ərazisində müşahidə olunan leysan xarakterli yağışlar nəticəsində ziyan görmüş yaşayış evlərinə və istinad divarlarına vizual-texniki baxış keçirib və müvafiq aktlar tərtib ediblər:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyinə sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin və 7 istinad divarının yenidən tikintisi işi tapşırılıb ki, bununla əlaqədar Nazirliyin layihə institutları tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Layihə-smeta sənədləri hazır olduqdan sonra tikinti işlərinə başlanılacaqdır. Bu işlər əsasən Xaçmaz, Quba, Şabran, Siyəzən, Qusar və Xızı rayonlarını, eləcə də Bakı şəhərini əhatə edir. Qeyd edək ki, bu Sərəncam dövlət başçısının çətin vəziyyətə düşmüş ölkə vətəndaşlarına humanist münasibətinin, diqqət və qayğısının növbəti təzahürüdür. Nəzərə alaq ki, digər ölkələrdə təbii fəlakətlərdən ziyan çəkmiş evlər adətən sığorta şirkətlərinin hesabına bərpa edilir".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.