2026-cı ilin ilk üç ayında Azərbaycanın süd və qaymaq idxalında ciddi artım qeydə alınıb.
Rəsmi statistikaya görə, ölkəyə 5 min 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə yüksəlməsidir.
Belə ki, bu məhsullar üçün 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 61 faiz artım deməkdir. İdxal dəyərinin həcmdən daha sürətli artması daxili bazarda süd və süd məhsullarının bahalaşacağı ilə bağlı narahatlıqları artırıb.
Bu artım daxili bazarda süd və süd məhsullarının qiymətlərinə necə təsir göstərə bilər? İdxaldan asılılığı azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanın süd məhsulları idxalından asılılığını azaltmaq üçün ilk növbədə yerli istehsalın gücləndirilməsinə ciddi diqqət yetirilməlidir:

"Heyvandarlıqla məşğul olan fermerlərin müasir avadanlıq alması üçün güzəştli kreditlər, subsidiyalar və vergi azadlıqları təqdim edilməlidir. Bu sahədəki kiçik və orta fermer təsərrüfatları xüsusi dəstək proqramları ilə əhatə olunmalıdır".
İqtisadçı əlavə edib ki, Azərbaycanda bu sahənin dayanıqlı inkişafı üçün kompleks yanaşma və dövlət dəstəyi vacibdir:
"Maldarlığın inkişafı strateji əhəmiyyət daşıyır. Yüksək məhsuldar inək cinsləri ölkəyə gətirilməli, şəraitə uyğunlaşan məhsuldar yerli cinslər yetişdirilməlidir, genetik potensialı güclü heyvan sürüsü formalaşdırılmalıdır.
Bunun üçün dövlət səviyyəsində heyvanların idxalına güzəştlər tətbiq edilə, selkeksiya proqramları stimullaşdırıla bilər".Onun sözlərinə görə, yem bazasının möhkəmləndirilməsi də həlledici amildir:
"Azərbaycanda yem qıtlığı süd istehsalının maya dəyərini artırır. Yem bitkilərinin əkilməsi genişləndirilməli, yem istehsalı yerli imkanlar hesabına təmin edilməlidir. Kooperativ sisteminin qurulması xüsusilə vacibdir.
Fermerlərin birgə emal, saxlama və satış strukturları yaratması xərcleri azaldır, rəqabət qabiliyyətini artırır. Dünyada süd sektorunun uğurlu nümunələrinin böyük əksəriyyəti məhz kooperativ modelə əsaslanır".
O bildirib ki, həmçinin emal sənayesinə investisiyalar cəlb edilməlidir:
"Müasir süd emalı müəssisələri yaradılmadan xammalı yüksək əlavə dəyəri məhsula çevirmək mümkün deyil. Bu sahəyə yerli və xarici investorlar cəlb edilməlidir.
Torpaq istifadəsinin optimallaşdırılması da diqqət tələb edir. Boş qalan kənd torpaqları maldarlıq üçün istifadəyə verilməli, otlaq sahələri bərpa edilməli və icarə şərtləri asanlaşdırılmalıdır.
Nəhayət, kadr hazırlığı unudulmamalıdır. Müasir heyvandarlıq texnologiyaları, baytarlıq xidmətləri və aqrobiznes idarəçiliyi üzrə mütəxəssislərin sayı artırılmalı, fermerlər üçün praktiki təlim proqramları genişləndirilməlidir".