İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.
Arena.az xəbər verir ki, argentinalı hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.
Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vurmuş ilk “Atletiko”lu oyunçu ünvanına da sahib çıxıb.
Xatırladaq ki, “Arsenal” və “Atletiko” arasında cavab görüşü mayın 5-də Londonda reallaşacaq.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.
