Azərbaycanda son günlər dövlət qurumları və özəl müəssisələrdə saqqal saxlanılması ilə bağlı yaranan müzakirələr, əmək hüququ və fərdi azadlıqlar arasındakı balansı yenidən gündəmə gətirib. Mövcud qanunvericilikdə hərbi və xüsusi rütbəli sahələr istisna olmaqla, vətəndaşların saqqal saxlamasını birbaşa qadağan edən hüquqi norma olmasa da, bir çox qurum daxili intizam qaydalarına istinad edərək müəyyən məhdudiyyətlər tətbiq edir. Hüquqşünaslar bildirirlər ki, Hazırda bu mövzuda vahid bir hüquqi çərçivənin olmaması həm işəgötürənlər, həm də işçilər arasında mübahisəli məqamların qalmasına zəmin yaradır. Ekspertlər hesab edir ki, bu məsələnin həlli üçün beynəlxalq təcrübəyə uyğun olaraq daha aydın daxili qaydaların tərtib edilməsi və qarşılıqlı razılaşma prinsiplərinin üstün tutulması zəruridir.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, iş yerlərində xarici görünüş, o cümlədən saqqal saxlanılması ilə bağlı məsələlər əmək hüququnun ayrı-seçkiliyin qadağan olunması prinsipi və işəgötürənin daxili nizam-intizam qaydaları müstəvisində tənzimlənir:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində işçilərin dini etiqadına, əqidəsinə, siyasi baxışlarına və digər şəxsi amillərinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Əgər şəxs dini və ya fəlsəfi baxışlarına görə saqqal saxlayırsa, buna görə ona qarşı məhdudiyyət qoyulması və ya işdən azad edilməsi qanunla birbaşa qadağan edilən ayrı-seçkilik kimi qiymətləndirilə bilər. İşəgötürən, Əmək Məcəlləsinin 182-ci və 183-cü maddələrinə əsasən, müəssisə daxilində daxili nizam-intizam qaydalarını müəyyən etmək hüququna malikdir. Bura geyim forması və xarici görünüşlə bağlı müəyyən standartlar daxil edilə bilər. Lakin bu qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalı, işçinin əsas hüquq və azadlıqlarını əsassız yerə məhdudlaşdırmamalı, yalnız işin xarakteri tələb etdikdə tətbiq olunmalıdır”.
O qeyd edib ki, dövlət qulluqçuları üçün tələblər daha spesifikdir:
“"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun 14-cü maddəsində (Mədəni davranış) qeyd olunur ki, dövlət qulluqçusu iş vaxtı xarici görünüşü ilə bağlı peşəkar standartlara əməl etməlidir. Qanunda "saqqal qadağası" ifadəsi birbaşa işlədilməsə də, dövlət qurumlarının daxili təlimatlarında "səliqəli xarici görünüş" tələbi çox vaxt üzüqırxılmış olmağı nəzərdə tutur. Lakin bu tələblər də yuxarıda qeyd olunan ayrı-seçkilik əleyhinə normalarla balanslaşdırılmalıdır. İşəgötürənin saqqal saxlanılmasına dair tam və mütləq qadağa qoyması qanunvericiliklə mübahisələndirilə bilər. Əgər saqqal səliqəlidirsə və işin mane olmursa, bu, işçinin şəxsi seçim azadlığı hesab olunur. Məhdudiyyətlər yalnız işin spesifikasıyla əsaslandırıldıqda qanuni hesab oluna bilər”.
Yəni, hazırkı qanunlara görə, işçinin saqqal saxlaması onun iş keyfiyyətinə və təhlükəsizlik qaydalarına mane olmursa, müdiriyyətin bunu qadağan etməsi hüquqi baxımdan zəif mövqe hesab olunur.