Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Piyadaların təhlükəsizliyinin təmin olunması ilə bağlı cərimələrin artırılması məsələsi geniş müzakirə olunur. Bu yanaşma qayda pozuntularının qarşısını almağa yönəlsə də, onun nə dərəcədə effektiv olduğu və problemin köklü həlli üçün kifayət edib-etmədiyi sual doğurur. Əsas məsələ isə ondan ibarətdir ki, piyadaların təhlükəsizliyini təmin etmək üçün yalnız cərimələr yetərlidirmi, yoxsa daha geniş və sistemli tədbirlərə ehtiyac var.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadaların hərəkət təhlükəsizliyində cərimələrin rolu çox böyükdür və bu, birmənalı şəkildə belə qiymətləndirilməlidir. "Çünki piyadalar ümumi hərəkət intensivliyinin əsas və ən vacib iştirakçılarından biridir. Piyadaların qaydalara əməl etməməsi isə ümumi nəqliyyat axınına mənfi təsir göstərir. Son günlər piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz piyadaların özlərinin qaydaları pozması ilə bağlıdır. Belə ki, bəzi hallarda insanlar heç bir təhlükəsizlik qaydasına əməl etmədən, ətrafı izləmədən, sağa-sola baxmadan birbaşa hərəkət hissəsinə çıxırlar".Ekspert bildirib ki, hadisə yerlərinə baxış zamanı isə aydın olur ki, həmin ərazilərdə yeraltı və ya yerüstü piyada keçidləri mövcuddur və bəzən piyadalar bu keçidlərdən cəmi bir neçə addımlıq məsafədə olduqları halda belə onlardan istifadə etmirlər. "Təyin olunmuş yerlərdən keçməmək isə bu cür hadisələrin əsas səbəblərindən biridir. Bu mövzular hər gün müzakirə olunur, təkrar-təkrar xəbərdarlıqlar edilir, lakin nəticə çox vaxt dəyişmir. Problem ondadır ki, bu qaydaları pozanlar azyaşlılar deyil, artıq həyat təcrübəsi olan yetkin insanlardır. Bu isə vəziyyəti daha da düşündürücü edir. Nəticə etibarilə, piyadaların məsuliyyətsiz davranışı nəqliyyat infrastrukturunun düzgün işləməsinə və hərəkətin axıcılığına ciddi maneə yaradır. Buna görə də həm maarifləndirmə, həm də cərimə mexanizmlərinin tətbiqi bu sahədə mühüm rol oynayır".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.