AZ

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın ölkəmizdəki səfiri Maria K.Papakonstantinu ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova ona işində uğurlar arzulayıb.

Görüşdə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi diqqətə çatdırılaraq, siyasi dialoq və yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb.

Söhbət zamanı parlamentlərarası münasibətlər də nəzərdən keçirilib. Bu sahənin ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğu qeyd edilib. Qanunvericilik orqanları arasında təmasların genişləndirilməsinin, o cümlədən dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılaraq, Parlamentlərarası İttifaq, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının bu baxımdan yaxşı imkanlar yaratdığı bildirilib.

Görüşdə Maria K.Papakonstantinu ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
19
18
azerbaijan-news.az

10Mənbələr